Putin və Əliyev Paşinyana bunu izah etməyə çalışırdı

08:58 27 May 2023

Rusiya və Azərbaycan prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin 25 mayda Kremldə baş tutan üçtərəfli görüşü göstərdi ki, Bakı və İrəvan sülh müqaviləsinə doğru gedirlər, baxmayaraq ki, Ermənistan hakimiyyəti hadisələrin gedişatına müqavimət göstərir.

Sitat.info xəbər verir ki, bunu “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı politoloq İqor Korotçenko deyib.

"Kremldə baş tutan görüşün əsas nəticəsi, proses asan olmasa da, tədricən sülh müqaviləsinə doğru irəliləməkdir. Biz Ermənistan Baş naziri Nikol Paşinyanın hay-küyünün və xırda fırıldaqlarının fonunda Azərbaycan Prezidenti İlham Əliyevin çox sakit, aydın, məntiqli çıxışını gördük - axı onlar, necə deyərlər, müxtəlif formada, müxtəlif çaplı siyasətçilərdir", - ekspert vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycan gələcəyə can atır, Ermənistan isə faktiki olaraq yerində sayır:

"Moskvada həm Vladimir Putin, həm də İlham Əliyevin Paşinyana izah etməyə çalışdıqları əsas bu idi ki, regionda nəqliyyat kommunikasiyalarını açmadan tam sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət mümkün deyil. Nikol Paşinyan buna bir sıra demaqoq bəyanatlarla cavab verdi.

Bununla belə, biz yavaş-yavaş irəliləyirik. Rusiya və Azərbaycan yelkənlərində tarixin küləyi əsir, Ermənistan isə hazırkı siyasi hadisələrin məntiqinin əksinə getməyə çalışır ki, bu da onu tarixi dalana aparacaq.

Ona görə də ümid edirik ki, 25 mayda əldə olunmuş razılaşmalar və ümumilikdə aparılan danışıqlar gələcəkdə, bəlkə də bu il Azərbaycan və Ermənistan arasında sülh sazişinin reallığa çevrilməsinə və regionda çoxdan gözlənilən sülhün əldə olunmasına kömək edəcək".



Xəbər xətti