"Mayın 28-də qardaş Türkiyədə keçirilən prezident seçkisinin ikinci turunun nəticəsi təkcə Türkiyə üçün deyil, ümumilikdə Türk dünyası, o cümlədən Azərbaycan üçün mühüm önəm kəsb edir".
Sitat.info xəbər verir ki, bunu "Report"-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi bu seçkilərdə Azərbaycan-Türkiyə birliyinin, Türk dünyasının qazanması deməkdir: "Çünki əks təqdidə həm Türkiyə yenidən xarici imperialist güclərin nəzarətinə keçəcək, həm də Türk dünyasının daha da güclənməsi, türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində son illər həyata keçirilən siyasət yarımçıq qalacaqdı".
Bu seçkilərin nəticəsinin Türkiyədə olduğu kimi, Azərbaycanda da xalq tərəfindən böyük coşqu ilə qarşılandığını deyən V.İskəndərov əlavə edib ki, bundan sonra Azərbaycan-Türkiyə qardaşlığı daha da güclənəcək.
Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə prosesi keçirilib.
Prezident vəzifəsi uğrunda 2 namizəd - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparıb.
Seçkilərin yekun nəticəsinə əsasən, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb.