Əfqanıstan müharibəsindən sonra ilk dəfədir ki, Qərb bu qədər mobil və əhatəli səfərbər olaraq Ukraynaya dəstək verir
ABŞ Ukraynaya 800 milyon dollar silah və sursat yardımı ayırıb. Bu barədə prezident Cozef Bayden martın 16-da sərəncam imzalayıb.
800 milyon dollara qədər Cozef Bayden 2022-ci ilin mart ayında Ukraynanın müdafiəsinə 200 milyon, fevral ayında 350 milyon dollar yardım ayırıb. 2021-ci il ərzində Baydenin Ukraynaya müdafiə sahəsində ayırdığı yardımın həcmi isə 1,2 milyard dollar təşkil edib.
Stokholm Sülh İnstitutunun (SIPRI) məlumatına görə, ABŞ ümumilikdə 2014-cü ildən bu yana Ukraynaya 1300 ton silah və sursat göndərib. Bu, 2,5 milyard dollar deməkdir. Son aylarda isə Rusiyanın Ukraynaya hücum təhlükəsinə görə bir çox Avropa ölkəsi də Ukraynaya silah-sursat göndərib.
Hazırda Ukrayna ordusunun inventarında ABŞ istehsalı “Javelin” və NLAW tank əleyhinə idarə olunan raket kompleksləri, həmçinin ABŞ istehsalı olan və çiyindən atıla bilən hava hədəflərinə qarşı “Stinger”, Polşa istehsalı olan və 3 kilometrə qədər hündürlükdə hava hədəflərinə qarşı effektiv olan GROM daşına bilən zenit qurğuları var. Bundan başqa, Bayraktar TB-2 Pilotsuz Uçuş Aparatları Ukrayna ordusunun hazırda əsas silahlarından biridir.
ABŞ-ın son olaraq Ukraynaya ayırdığı silah-sursatın siyahısı isə xeyli zənginləşib. 800 milyon dollarlıq silah-sursat partiyasına;
800 ədəd “Stinger” zenit kompleksi;
6000 ədəd tank əleyhinə AT-4 sistemi;
5000 ədəd tüfəng;
2000 ədəd süngü;
1000 ədəd tank əleyhinə yüngül (çiyində gəzdirilə bilən) silah;
1000 ədəd tapança;
400 ədəd pulemyot;
400 ədəd qırma (saçma) tüfəngi;
100 ədəd pilotsuz uçuş aparatı;
100 ədəd qumbaraatan;
25 min ədəd zirehli jilet;
25 min ədəd dəbilqə;
atıcı silahlar üçün patronlar, qumbaraatan və minaatanlar üçün mərmilər (ümumi sayı 20 milyondan çox).
Məlumatı CNN kanalına ötürən mənbə Ukrayna tərəfinin xahişi ilə siyahıya “Switchblade” zərbə dronlarının da daxil edildiyini bildirib.
Bundan bir neçə gün əvvəl Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukrayna silahlı qüvvələrinə yüksəksürətli daşına bilən “STARStreak” zenit-raket komplekslərinin veriləcəyini təsdiqləyib. Dünən isə komplekslərin Ukraynaya göndərilməyə başladığı haqda xəbərlər yayıldı.
Göründüyü kimi, Qərb ölkələri Ukraynanı Rusiya qarşısında ən müasir və effektiv döyüş silahları ilə silahlandırır. Bu silah və texnikalar və xüsusən də kiçik mobil qruplarla Rusiya ordusuna qarşı mübarizə aparan Ukrayna qüvvələri üçün çox əlverişlidir. Daşına bilən tank əleyhinə və hava hədəflərini vurmağa qadir silahlar alçaqdan əməliyyat uçuşları edən Rusiya təyyarə və helikopterləri üçün öldürücü vasitədir. Tank və zirehli texnikalar isə ukraynalı əsgərlər üçün rahat hədəflərə çevrilib.
Bundan başqa Aİ ölkələri xüsusi proqram həyata keçirir və Ukraynaya silah və təchizat dəstəyi üçün 450 milyon avro dəyərində büdcə ayırıb. Lakin Aİ-nin qəbul etdiyi “Avropada Sülh yaradılması” proqramı Ukraynaya hərbi təyinatlı yardımın həcmini 5 milyard avroya qədər yüksəltməyə imkan verəcək.
Bu silah və yardımlar müharibə şəraitində olan Ukrayna ordusunun maddi-texniki bazasının güclənməsi, silah imkanlarının yüksəlməsinə səbəb olacaq. Başqa sözlə, Qərb indi Ukraynada müharibə prosesində yeni NATO silahlarından istifadə edən ordu qurur.
Bəs bu silahlar Ukraynaya hazırda müharibə getdiyi bir vaxtda necə ötürülür?
Avropa mediasının yazdığına görə silahlar tipinə və ölçülərinə görə quru və hava yolu vasitəsilə daşınır. Hazırda Ukrayna ordusunun nəzarətində olan və Rusiyanın izləyə bilmədiyi hava limanlarından istifadə olunur.
Lakin Ukrayna hava sahəsi Rusiyanın nəzarətində olduğu üçün getdikcə hava yolu ilə yardımlar göndərmək daha riskli olur. Çünki artıq qərb regionlarındakı nöqtələr də ruslar tərəfindən vurulur.
Buna görə də indi əsas vasitə quru yoludur. Quru yolu ilə ən etibarlı sərhəd Polşa hesab olunur. Ukraynanın Polşa ilə 535 kilometrlik sərhəd xətti var. Üstəlik Polşada ABŞ ordusunun hissələri mövcuddur və bu da silahların Polşaya rahat daşınmasına imkan verir. Müharibəyə qədər də ABŞ-ın silah yardımları Polşa üzərindən göndərilib. Ukraynanın digər qonşusu Macarıstan öz ərazisindən silah daşınmasına qadağa qoyub.
Slovakiya ərazisi isə dağlıq olduğu üçün böyük miqdarda silahları daşımaq üçün əlverişli deyil. Bu mənada yeganə əsas marşrut Polşa sərhədidir. Polşadan isə ekspertlər iki əsas nöqtəni qeyd edirlər. Birincisi, Belarus sərhədinə yaxın sərhəd xətti və nisbətən cənuba doğru olan ərazidir.
Ancaq maraqlıdır ki, bu keçidləri ruslar bilsələr də bağlamağa və ya silah daşıyan maşın karvanlarını hədəfə almağa cəhd etməyiblər. Ekspertlər bunu NATO maşınlarının vurulmasının Rusiya-NATO əlaqələrində əlavə gərginliyə səbəb ola biləcəyi riski ilə izah edirlər.
Daha bir vasitə isə xarici ölkələrdən gələn əcnəbi döyüşçülərin Polşadan Ukraynaya keçərkən NATO-nun göndərdiyi silahları da özləri ilə bərabər Ukraynaya keçirməsidir. Ancaq bu, o qədər də böyük həcm təşkil edə bilmir.
Ümumilikdə silah və texniki yardımların Ukrayna ordusuna nəinki hazırkı müharibədə, hətta daha sonra da ordu quruculuğunda böyük faydası olacaq. 40 il əvvəl Əfqanıstan müharibəsindən sonra ilk dəfədir ki, Qərb ölkələri bu qədər çevik və əhatəli şəkildə Ukrayna məsələsində səfərbər olublar. Ukrayna Rusiya qarşısında daha yaxşı müqavimət göstərmək, Rusiya silahının və ordu mifinin puç olması üçün bütün lazımı dəstəklər verilir. Məsələ ondadır ki, Ukrayna ordusunun 3 həftədən artıqdır uğurla müqavimət göstərməsinin bir səbəbi ordunun şəxsi heyətinin bacarığıdırsa, digər əsas səbəbi Ukraynaya edilən silah və texnika yardımıdır. Çünki müharibədən əvvəl bir çox yerli ekspert və Ukrayna dövlət rəsmiləri Ukraynada cəmisi bir neçə günə kifayət edəcək silah və sursatın olduğunu bildirirdilər. Amma müharibə artıq 4-cü həftədir davam edir və Ukrayna hər keçən gün Qərbdən yeni modern silah sistemləri alır.