28 mayda Türkiyədə keçirilən seçkilər son 20 ildə siyasi və mənəvi coğrafiyasını genişləndirən bir dövlətin parlaq qələbəsi oldu. On illərdir hakimiyyət zirvəsində olan liderə verilən 27,7 milyondan artıq səs həm də xalqımızın mənəvi-siyasi iradəsinin ifadəsi idi.
Sitat.info xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc qeyd edib.
“Prezident İlham Əliyevin təbrikində millətimizin Ərdoğana minnətdarlıq hissinin Qarabağ Zəfəri ilə bağlılığının bir daha vurğulanması Bakı meydanlarında minlərlə insanın coşğusunda, milyon insanın sevincində nümayiş olundu. 2-ci tur qarşısında türk xalqını düzgün seçim etməzlərsə, iqtisadi tənəzzüllə, qaçqın seliylə, vətəndaş qarşıdurması və dünyadan təcridlə qorxudanlar, terror təşkilatları ilə təhdid edənlər də məğlub oldular. Aylardır “Ərdoğan getməlidir” manşeti ilə çıxan qlobal medianın təbliğatı iflasa uğradı. Lakin Ərdoğanın qələbəsi ilk növbədə, Azərbaycan-Türkiyə birliyinin təntənəsi, islam və türk dünyasında, eləcə də Avrasiya qitəsində qurulan yeni təhlükəsizlik arxitekturasının davamlılığının zəmanəti oldu. Əgər Ermənistanla sülh müqaviləsi hələ imzalanmayıbsa, Fransa və NATO dövlətləri Cənubi Qafqaza hərbi qüvvə yeritməyə çalışırsa, Əliyevlə Ərdoğanın Zəfər kursu davam etməlidir”, - millət vəkili vurğulayıb.
Z.Oruc bildirib ki, bu, Türkiyə müxalifətinə özünü yaxın sayan, “orada hakimiyyət dəyişərsə, bizə də fürsət açılar” deyən radikal dini-siyasi qüvvələrə də böyük zərbə oldu:
“Qardaş ölkədəki seçkilərə cəmiyyətimizin yüksək diqqəti 2025-ci ildə Azərbaycanda keçiriləcək prezident və parlament seçkilərinə hazır olduğu kimi də dəyərləndirilə bilər.
Prezident İlham Əliyev 2018-ci il seçkilərinin ardınca Ulu Öndərin 100 illiyində yeni hakimiyyət quruculuğunu əzmlə davam etdirir. Mərkəzi və yerli idarəetmə orqanlarında inqilabi dəyişikliklər, yeni partiyalar sistemi, neftə alternativ “yaşıl” enerji iqtisadiyyatı, yeni siyasi elitanın formalaşdırılması Vətən müharibəsindəki qələbədən sonra daha da güclənib.
Xüsusilə də “Azərbaycan 100 ili” adlı yeni konsepsiyanın, o cümlədən 2-ci Qarabağ müharibəsində qələbəmizin tək lideri İlham Əliyevin gələcək seçkilərdə haqlı legitim qələbəsinin “yol xəritəsi”nin hazırlanması bir nömrəli məsələdir. Konstitusion islahatların zərurəti, eləcə də Xankəndidə məskunlaşan ermənilərlə birgəyaşayış və inteqrasiya siyasi hüquq və azadlıqlara həssas yanaşmanı şərtləndirir. Siyasi partiyaların ideoloji kimliklərinin müəyyənləşməsi, dini və milliyətçi yönlü, separatizmə qarşı birləşdirici ideologiyaların hazırlanması da son dərəcə vacibdir. Azərbaycanda növbəti seçkilər müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyümüzün təminatı və azad torpaqlarda keçiriləcək. Ona görə də zəfərimizə geridönməz xarakter vermək, Böyük Qayıdışın bütün hədəflərinə çatmaq, möhkəm ailə və dini dəyərləri, eləcə də milli təhlükəsizliyi qorumaq üçün Türkiyədə seçkilərdəki qələbəni 2025-ci ildə ölkəmizdə davam etdirməliyik!”