"Vətəndaşların sosial sığorta və pensiya sistemi elə bir sahədir ki, orada islahatlara daim ehtiyac var. Sadəcə olaraq populist təkliflərə, vətəndaşlara xoş getsin deyə düşünülməmiş təkliflərə yol verməyə lüzum yoxdur. Bəli, hər kəs istəyər ki, o vaxtından əvvəl pensiyaya çıxsın və ən azı işlədiyi yerdən aldığı əməkhaqqı qədər pensiya alsın. Amma bunun üçün bir sıra şərtlərin təmin olunması vacibdir. Təəssüf ki, bunu ekspertlər və bəzi millət vəkilləri nəzərə almırlar".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov yazıb.
O bildirib ki, vətəndaşın pensiya məsələsi onun yığdığı kapitaldan asılıdır: "Söhbət ondan gedir ki, hər bir vətəndaş gələcəkdə alacağı pensiya məbləğini işlədiyi müddətdə yığmalı və təmin etməlidir. Mexanizm bundan ibarətdir. Vətəndaşın işlədiyi yerdə nə qədər əmək haqqı alması, nə qədər vergi və sosial ayırmalara vəsait ödədiyi mühüm məsələdir. Bunları mütləq nəzərə almaq vacibdir. Bizdə son illər ərzində, xüsusən də 2019-cu ildən bəri sığorta, pensiya sistemi sahəsində islahatlar həyata keçirilib. Sosial ayırmaların yığılmasının Vergilər Nazirliyinə verilməsi, işəgötürənlə işçi arasında nisbətin dəyişməsi- bunlar getdikcə öz nəticəsini göstərməkdədir.
Dövlət Sosial Müdafiə Fonduna 2019-cu ildən bəri mədaxilin toplanması qənaətbəxşdir. Bu getdikcə DSMF-nin dövlət büdcəsindən asılılığını azaldır. Bunlar vaxt tələb edən məsələlərdir. Vətəndaşların pensiya yaşlarının müəyyən edilməsi də onların pensiya kapitalına uyğun həyata keçirilir".
P.Heydərov vurğulayıb ki, hazırda bizdə özəl pensiya fondları yoxdur: "DSMF işləyənlərdən və işə götürülənlərdən sosial ayırmaların toplanmasından əlavə, bir də dövlət büdcəsindən dotasiya alır. Əlbəttə islahatlar təkcə vətəndaşların əmək haqqları, onlardan sosial ayırmaların daha çox cəlbi yönündə deyil, digər aspektlərdə də genişlənməlidir. Yeni vasitələr , yeni mexanizmlər tətbiq olunmalıdır. Bunlardan biri də özəl pensiya fonlarının yaradılmasıdır. Eyni zamanda DSMF-yə əlindəki vəsaitlərdən investisiya məqsədilə istifadəyə icazə verilməsi məsələsidir. Bütün bunlar ölkə özrə əhalinin sosial müavinətlərlə təminatında tələb olunan səviyyədə sığorta kapitalının toplanmasına geniş yol açacaq. Ona görə də biz bu istiqamətdə islahatların daha da geniş xarakter daşımasına çalışmalıyıq. Bu da özünü ayrı-ayrı mexanizmlərin tətbiqi ilə büruzə verməlidir."
P.Heydərov hesab edir ki, yaxın perspektivdə hazırda populist səslənən bəzi təkliflərin də həyata keçiriləcəyinin şahidi olacağıq: " Bunlar pensiya yaşının azaldılması məsələsidir, qadınların daha tez- 60 yaşda pensiyaya çıxması məsələsidir. Üçuşaqlı anaların 50 yaşından pensiyaya çıxması qaydası var idi - bunun yenidən tətbiq olunmasıdır, o cümlədən vətəndaşın topladığı pensiya kapitalından o erkən həyatdan gedərsə ailə üzvlərinin istifadə edə bilməsi məsələsidir. Pensiya kapitalından vətəndaşın özünün istənilən vaxt istifadə etməsinə şərait yaradılmasıdır. Bunların tədricən əksini tapmasının şahidi olacağıq. Bunun üçün ölkə iqtisadiyyatı daha da inkişaf etməlidir, gəlirlərimiz artmalıdır , vətəndaşlara yaxşı əmək haqqı verilməlidir. Eyni zamanda sığorta-pensiya sisteminin tələb olunan səviyyədə inkişafı təmin olunmalıdır".
Nərgiz,
Sitat.info