Xarkov vilayətində partlayıcı qurğu üç uşaqlı ailənin getdiyi avtomobili partladıb.
Sitat.info xəbər verir ki, 37 yaşlı qadın yerindəcə dünyasını dəyişib, uşaqların vəziyyəti isə ağırdır. Həkimlər uşaqların həyatı üçün mübarizə aparır.
Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbovun Teleqram-da verdiyi məlumata görə, hadisə bu gün saat 12:00 radələrində Boqoduxovski rayonunun Morozova Dolina kəndi yaxınlığında baş verib:
"37 yaşlı qadın yerindəcə keçinib. 12 və 15 yaşlı iki qız və 12 yaşlı oğlan ağır yaralanıb. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, hazırda həkimlər həyatları üçün mübarizə aparırlar"
O, Xarkov vilayətində mina təhlükəsinin çox yüksək olaraq qaldığını vurğulayıb və insanları mümkün qədər diqqətli olmağa, meşələrə, əkin sahələrinə, meşə zolaqlarına, yol kənarlarına, su hövzələrinin sahillərinə və sairlərə getməməyə çağırıb.
Sinequbov xatırladıb ki, yalnız asfaltlanmış yollarla hərəkət etmək təhlükəsizdir.
Məğrur,
Sitat.info