Ötən ilin fevralında Rusiya prezidenti Putinin verdiyi sərəncamla başlayan qanlı müharibə hələ də davam edir.
"Sitat.info" xəbər verir ki, Rusiyanın Soledarı yıxması ilə yeni mərhələyə qədəm qoyan müharibənin son ünvanı Baxmutdur.
Burada aylardır müqavimət göstərən Ukrayna gözlənilən addımı ataraq əks-hücuma keçdi.
Ukrayna ordusunun dünən səhər saatlarında Donetskin cənubundakı cəbhə xəttində 6 mexanikləşdirilmiş və 2 tank batalyonu ilə genişmiqyaslı hücuma keçdiyi açıqlanıb.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukrayna ordusunun cəbhənin ən həssas bölgəsi kimi gördüyü nöqtəni ələ keçirərək irəliləməyi hədəflədiyini və hücumun dəf edildiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetskə genişmiqyaslı hücumunun dəf edildiyini bəyan edərək, 250-dən çox Ukrayna əsgərinin həlak olduğunu iddia edib.
"Vaqner" Qrupunun rəhbəri Yevgeni Priqojin Ukrayna ordusunun irəlilədiyini etiraf edib.
Priqojin bildirib ki, Baxmut yaxınlığındakı qəsəbə Ukrayna tərəfindən geri alınıb:
“Berxivka qəsəbəsinin bir hissəsi artıq itirilib. Əsgərlər səssizcə qaçırlar. Bu biabırçılıqdır”
Proqojin müdafiə naziri Şoyqu və Baş Qərargah rəisi Gerasimovu qoşun toplamaq üçün cəbhəyə gəlməyə çağırıb.
Priqojin, Şoyqu və Gerasimova xitabən deyib: “Gəlin, bunu bacara bilərsiniz. Əgər bacara bilməsəniz qəhrəman kimi ölərsiniz".
Seymur Bənnayev
Sitat.info