Vladimir Putin: Çoxdan belə birlik görməmişdik

01:28 19 Mart 2022

Rusiya prezidenti Vladimir Putin Ukraynaya hərbi müdaxiləyə haqq qazandırmaq üçün cümə günü dolu futbol stadionu qarşısında mitinq zamanı Rusiya bayraqlarını dalğalandıran on minlərlə insana Kremlin bütün məqsədlərinə çatacağına söz verib.

“Biz nə etməli olduğumuzu, bunu necə və nəyin bahasına etməli olduğumuzu bilirik. Və biz bütün planlarımızı mütləq yerinə yetirəcəyik” – deyə, Putin Moskvanın Lujniki stadionunda keçirilən mitinqdə qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada keçirdiyi "xüsusi hərbi əməliyyat"da döyüşən əsgərlər Rusiyanın birliyini nümayiş etdirib.

"Onlar çiyin-çiyinə bir-birinə kömək edir, bir-birinə dayaq olur və lazım olanda qardaş kimi bədənləri ilə bir-birlərini güllədən qoruyurlar. Çoxdandır ki, bizdə belə birlik olmayıb" – deyə, Rusiya lideri vurğulayıb.

Putin danışarkən dövlət televiziyası qısa müddət ərzində onun çıxışının yayımını dayandırıb və əvvəlcədən videoyazıya alınmış vətənpərvərlik mahnılarının kadrlarını göstərib. Lakin daha sonra dövlət televiziyası yayımı bərpa edib.

RİA xəbər agentliyi Kremlin sözçüsü Dmitri Peskova istinadən bildirib ki, dövlət televiziyasının qəfil yayımının kəsilməsinə səbəb serverdəki texniki nasazlıq olub.

Putin deyir ki, Ukraynadakı əməliyyat ona görə lazım idi ki, ABŞ bu ölkə vasitəsilə Rusiyanı təhdid etmək üçün istifadə edirdi və Rusiya rusdilli insanları Ukraynanın “soyqırımı”ndan müdafiə etməli idi.

Ukrayna varlığı üçün mübarizə apardığını və Putinin soyqırım iddialarının cəfəngiyyat olduğunu deyir. Qərb deyir ki, onların Rusiyanı parçalamaq istədiyinə dair iddialar uydurmadır.

Putinin çıxış etdiyi səhnə Ukraynadakı hərbi əməliyyatlarda istifadə olunan “Z” işarəsindən istifadə olunaraq “Nasizm olmayan dünya üçün” və “Prezidentimiz üçün” şüarları ilə bəzədilib.

Putin çıxış etməzdən əvvəl 2018-ci il Futbol üzrə Dünya Kubokunda istifadə edilən stadionun tribunalarında “Rusiya bizim müqəddəs dövlətimizdir” sözlərinin yer aldığı Rusiyanın dövlət himni və “SSRİ istehsalı” kimi daha müasir pop hitlər səslənib.

Səhnədə həmçinin Fyodor Tyutçevin rusları avropalıların onları həmişə maarifçiliyin qulu hesab edəcəkləri barədə xəbərdarlıq edən panslavist şeri oxunub.//Amerikanınsəsi



Xəbər xətti