Rusiya tərəfindən işğal olunmuş Ukraynanın Xerson şəhərində su elektrik stansiyasının bəndi partladılıb.
Sitat.info xəbər verir ki, Ukrayna rəsmiləri bunun Rusiya tərəfindən edildiyini iddia ediblər.
Ukraynanın cənubunda Rusiyanın nəzarətində olan Kahovka bəndinin vurulması yüz minlərlə insanı qaçqın düşmək təhlükəsi ilə üz-üzə qoyub. Dnepr çayı ətrafındakı sakinlərdən daşqın təhlükəsi ilə əlaqədar dərhal ərazini boşaltmaları istənilib.
Ukrayna rəsmiləri bənddən çıxan 18 milyon kubmetr suyun Xerson və ətraf rayonlarda daşqınlara səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Bəndin vurulması yaxınlıqdakı Zaporojye Atom Elektrik Stansiyasına da təsir edə bilər. Soyutma sistemlərinin bənddəki su ilə işlədiyi yazılıb. Beynəlxalq Atom Enerjisi Agentliyi sosial mediada "Elektrik stansiyasında nüvə təhlükəsizliyi ilə bağlı dərhal risk yoxdur" deyə paylaşıb.
Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkədə bu sözləri yazıb: “Kahovka Su Elektrik Stansiyasının bəndinin dağıdılması bütün dünyaya sübut edir ki, ruslar Ukrayna ərazisinin hər yerindən qovulmalıdırlar”.
Nərgiz,
Sitat.info