Kaxovka bəndi müharibənin yeni cəbhəsidir - tərəflər bir-birini ittiham edir

10:37 8 İyun 2023

Ukrayna müharibəsində dağılan Kaxovka bəndinin suları ölkənin cənubunda daşqınlara səbəb olub. Bölgə sakinlərinin xilası üçün böyük mübarizə aparılır.

Sitat.info xəbər verir ki, Ukraynanın cənubundakı Dnepr çayı üzərindəki Kaxovka bəndinin partladılması ötən gün böyük ekoloji fəlakətə səbəb olsa da, daşqından zərər çəkmiş bölgədə qapalı qalanların təxliyəsi üçün zamanla yarış gedir. Rusiya və Ukrayna arasında bəndi kimin partlatması ilə bağlı mübahisə ötən axşam Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) söz duelinə çevrilib.

BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya Ukrayna və Qərb ölkələrinin nümayəndələrinin Moskvanı ittiham edən rəftarlarını tənqid edərək: “Rusiyanı günahlandırmaq daimi şizofreniyaya çevrilib. Buça hadisələri, Zaporojiye Atom Elektrik Stansiyasının yandırılması və “Şimal axını” təbii qaz kəmərlərinin təxribatına görə məsuliyyət daşıyan ünvan kimi həmişə Rusiya göstərilib. Bənd insidentində biz Qərbi Ukrayna terrorizminə qarşı ehtiyatlı davranmağa çağırırıq”, - deyə o bildirib.

Ukrayna təmsilçisi Sergey Kislitsa isə Nebenzyanı “Putinin terror rejiminin BMT-dəki nümayəndəsi” olaraq tərif edərək deyib: “Adı çəkilən ölkənin terrorist idarəçiliyi Kaxovka bəndini dağıdıb və ekoloji kütləvi qırğın bombasını partladıb. Onların etdikləri müharibə cinayətlərindən başqa bir şey deyil".

Dünən böhranla bağlı yeni açıqlama verən Ukrayna prezidenti Volodimir Zelenski: “Rusiya bizi qorxuda bilməz. Əminəm ki, rusları torpaqlarımızdan qovduqdan sonra onların qoyduğu dağıntıların öhdəsindən gələcəyik. İşğalçı Rusiya qüvvələri tərəfindən bəndin qəsdən dağıdılması göstərir ki, onlar təkcə Xerson bölgəsini deyil, Krımı da qurban verirlər. Bu bənd Krımı da su ilə təmin edirdi. Mən də dünya ictimaiyyətinə səslənirəm. Ruslar bəndi sındırmaqla son illərdə dünyanın ən böyük ekoloji fəlakətinə imza atdılar. Dünya bu vəhşilik qarşısında səssiz qalmamalıdır. Rusiya terroruna qəti şəkildə reaksiya verməliyik", - açıqlamasında deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti