Azərbaycandakı ermənilərə baş çəkildi

12:36 8 İyun 2023

İyunun 7-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri bu yaxınlarda Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər.

Bu barədə “Sitat.info”ya BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

“Onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, - İ.Hüseynova qeyd edib.

Xatırladaq ki, may ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən dövlət sərhədimizin pozulması cəhdinin qarşısı alınıb.

Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

 



Xəbər xətti