Sudanda ordu və yarımhərbi qüvvələr Çevik Dəstək Qüvvələri (ÇDQ) 24 saatlıq atəşkəs barədə razılığa gəlib.
Sitat.info xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Sudanda ordu ilə ÇDQ arasında danışıqlar bərpa edilib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada, iki tərəfin nümayəndələrinin 24 saatlıq atəşkəs elan etmək barədə razılığa gəldiyi açıqlanıb.
Atəşkəsin sabah yerli vaxtla saat 06:00-da qüvvəyə minəcəyi bildirilib.
“Tərəflər atəşkəs dövründə hücumlardan, təyyarə və ya pilotsuz təyyarələrdən istifadədən, havadan bombardmanlardan, artilleriya zərbələrindən, mövqelərin möhkəmləndirilməsindən və əlavə qüvvələr göndərilməsindən çəkinmək barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
Həmçinin ABŞ və Səudiyyə Ərəbistanının Sudan xalqının əvvəlki atəşkəsləri həyata keçirməməsi ilə bağlı məyusluğunu paylaşdığı və son atəşkəs cəhdinin “zorakılıq dövrəsini qırmaq” cəhdi olduğu vurğulanıb.
Qeyd edək ki, Ordu ilə ÇDQ arasında aprelin 15-də başlayan qarşıdurmalara görə Sudanda 1,4 milyondan çox insan didərgin düşüb, 476 min 800 nəfər isə qonşu ölkələrə sığınıb. Əvvəllər razılaşdırılmış atəşkəs əsasən pozulub və zorakılıq səngisə də, tamamilə dayanmayıb.
Seymur Bənnayev
Sitat.info