Bu gün Bakı metrosunda törədilən terror aktından 28 il ötür. 14 günahsız insanın həlak olduğu həmin müdhiş olayın Ermənistanın xüsusi xidmət orqanlarının sifarişi və “Sadvalçı”ların əli ilə törədildiyi artıq sübut olunmuş faktdır. Əfsus ki, Ermənistan hələ də Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasətindən əl çəkməyib.
Bakının İrəvana göndərdiyi 5 bəndlik sülh təklifinə kapitulyant ölkə rəhbərliyinin qeyri-adekvat cavabı ən əvvəl bu təəssüratı yaradır. Belə ki, uzun fasilədən sonra XİN başçısı Ararat Mirzəyanın reaksiyasından belə məlum oldu ki, Ermənistan xam xəyallarla yaşamağa davam edir. Sanki heç 44 günlük müharibə olmayıb və 20% ərazimiz hələ də işğal altındadır. Bizə qarşı yenə “artsax” şərti irəli sürülməsinin və sülh danışıqları üçün “bioloji ölüm” keçirmiş Minsk Qrupuna müraciət olunmasının ayrı anlamı yoxdur.
Ermənistan müxalifəti isə daha radikal mövqedədir və Bakının səmimi sülh təklifini cəmiyyətə ultimatum kimi təqdim və şərh edir. Amma hanı o ultimatum? Nədən yenə bədbəxt erməni xalqını aldadır, onu yeganə doğru yolu tapmağa qoymurlar? Axı hər şey təkliflərdə apaydın yazılıb. Orada Ermənistanı aşağılayan nə var görəsən?
Ermənistanda isterika doğuran həmin 5 bəndə maraq üçün bir daha nəzər yetirək:
Bənd 1. Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması.
Burada hansı ultimatumdan söhbət gedir? Azərbaycan və Ermənistan məgər SSRİ tərkibindəki sərhədləri daxilində BMT, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınmayıbmı?
Bənd 2.Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi.
Azərbaycanın normal dövlət kimi heç bir ölkənin, o cümlədən qonşu Ermənistanın ərazisində gözü yoxdur, hərçənd “Ermənistan” adlı kvazi-dövlət tamamilə qədim Türk yurdunda təşəkkül tapıb. Amma biz qonşuluq xətrinə buna göz yummağa, kədərli səhifəni qapatmağa və gələcəyə baxmağa hazırıq. Ermənistan da hazırdırmı? Hazırdırsa, mövcud sərhədləri niyə tanımır? Burada ultimatumluq nə var? Deməli, İrəvanın özünün bizə qarşı ərazi iddiası var və bundan imtinaya da hazır deyil.
Bənd 3.Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək.
Bu bənddə necə, ultimatum qoxusu gəlir? “Mənə hücum eləmə, söz ver ki, hücum eləməyəcəksən və qonşu kimi özünü gələcəkdə də yaxşı aparacaqsan ki, əvəzində 44 günlük müharibədəki kimi cəzalanmayasan”. Sadə dilə tərcüməsi bu yəni. Burda indi hədə, ultimatum hanı? Yox, bu bəndlə də razı deyilsinizsə, deməli, revanşist planlarla yaşayır, Azərbaycan dövləti və xalqına qarşı yeni terror əməlləri planlaşdırırsız.
4.Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması.
Yenə eyni dəmir məntiq. Əgər Azərbaycana qarşı ərazi iddianız yoxsa, onda sülh müqaviləsi imzalanacaq, diplomatik münasibətlər qurulacaq, ardınca sərhədlərin demarkasiyası və delimitasiyası başlanacaq. Bütün normal qonşular kimi. Bununla “velosiped” təzədən kəşf olunmayıb ki?
5.Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Burda da təbii ki, ultimatumdan əsər-əlamət yoxdur! Ümumiyyətlə, 5 bəndin hamısı sırf beynəlxalq hüquq normaları və normal qonşuluq prinsiplərinin, elementar soyuq məntiqin diktəsinə söykənir. Faktiki erməni xalqı üçün son şans sayılan 5 bəndlik təklifi yalnız terrorçu bir dövlət qeyri-məqbul saya və ya rədd edə bilər.
Görünür, elə də olacaq. Radikal müxalifətçilər, daşnak-maşnaklar bir yana, guya konstruktiv mövqeli Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Arman Yegoyanın söylədikləri buna şübhə yeri saxlamır.
Görün o, nə çərənləyir. Sitat: ““Artsax” heç vaxt Azərbaycanın bir hissəsi ola bilməz. Bu adi məntiqdir, hansısa baxış bucağı yox. Münaqişə bitməyib, “Artsax”ın statusu müəyyən edilməyib. ATƏT-in Minsk Qrupu həmsədrliyi tərəfindən münaqişənin həlli üçün əsas təşkil edən 3 əsas prinsipdən biri – güc tətbiqi və güc tətbiqi ilə hədələmək prinsipi artıq pozulub. Ona görə də başqa prinsipin - xalqların öz müqəddəratını təyinetmə hüququnun pozulmasına imkan verməməliyik”.
Yeqoyana görə, sülh danışıqlarda erməni tərəfinin cavabı belə olacaq: “Artsax məsələsi ATƏT-in Minsk Qrupu həmsədrliyinin təklif etdiyi 3 əsas prinsip çərçivəsində həll olunmalıdır”.
Onun əminliyinə görə, Ermənistan XİN-i məqbul bildiyi vaxtda məhz bu açıqlama ilə çıxış edəcək...
Bax, rusun son anda ipdən aldığı haylardan belə bir özündənrazı, müharibə qoxusu verən həyasız mövqe! Bunlar hələ guya Ermənistandakı mötədil qüvvəni – hakimiyyəti təmsil edirlər. Bütün bunlar o mənaya gəlir ki, Ermənistan bölgədə terrorçu və “izqoy” dövlət missiyasından tezliklə imtina edənə oxşamır. O zaman erməni xalqı ödəyəcəyi növbəti ağır bədələ hazır olsun...