Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə bu gün Azərbaycana gəlib. H barədə Türkiyə KİV- i yazıb. Bildirilib ki, S. Oğan heyətlər arasında keçiriləcək geniştərkibli görüşdə iştirak edəcəyi də iddia olunur.
Səfər çərçivəsində regional məsələlərin, o cümlədən Cənubi Qafqazdakı durumun müzakirə ediləcəyi gözlənilir.
Məlum olduğu kimi, S. Oğan prezident seçkilərinin ikinci turunda R. T. Ərdoğanı dəstəklədiyini bildirmişdi.
S. Oğan Azərbaycanla əlaqəli siyasi fiqurdur. O, bir müddət Azərbaycanda ali məktəbdə dərs deyib. Üstəgəl, S. Oğanın siyasi kursunda Azərbaycan məsələsi xüsusi yer tutur. Onun R. T. Ərdoğanı dəstəkləməsinin əsas səbəblərindən biri də bu idi.
S. Oğan bacarıqlı siyasətçidir. O, bunu artıq sübut edib. Bir çox ekspert düşünürdü ki, R. T. Ərdoğan yeni Nazirlər Kabinetində ona vəzifə olacaq. Bəziləri isə onun Türkiyənin növbəti prezidenti olacağını iddia edirlər.
S. Oğan bu günlərdə demişdi ki, o, 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini verəcək. Bu, ATA İttifaqının sədrinin gələcəkdə ölkə rəhbəri olacağına dair ehtimalları artırır.
Düşünürəm ki, S. Oğanın Türkiyə siyasətindəki rolu getdikcə artacaq. Bu, xüsusilə Azərbaycanla əlaqələrdə özünü göstərəcək.
Əgər Türkiyə KİV- in iddia etdiyi kimidirsə, səriştəli siyasətçinin Azərbaycana bu günkü səfəri xüsusi əhəmiyyətə malikdir. Onun dövlət səfəri çərçivəsində Ərdoğanı müşayət etməsi kifayət qədər ciddi məqamdır. Səfər S. Oğanın bir sıra rəsmi şəxslərlə tanışlığı üçün yaxşı fürsət ola bilər.
Ehtimal edirəm ki, gələcəkdə S. Oğanın Azərbaycana səfərləri intensivləşə bilər. S. Oğana hələlik hətta vəzifə verilməsə belə, onun iki dövlət arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə şübhəm yoxdur. İstisna deyil ki, S. Oğan bundan sonra qeyri-rəsmi olsa belə, bu vəzifəni yerinə yetirəcək.
Bundan başqa, perspektivdə Azərbaycanla Türkiyənin ortaq qurumun yaradılması və S. Oğanın həmin idarənin rəhbəri olması mümkündür.
Bütün hallarda S. Oğan Azərbaycan üçün vacib siyasi fiqurdur və şübhəsiz ki, indi atılan addımlar gələcəkdəki daha ciddi həmlələr üçün zəmindir.
Siyasi şərhçi Kənan Novruzov,
Xüsusi olaraq Sitat.info üçün