Avstraliya hökuməti alüminium oksidi, alüminium filizləri və boksitin Rusiyaya ixracına qadağa qoyur.
SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bunu Avstraliyanın xarici işlər naziri Maris Peyn bu gün açılayıb. Nazirin sözlərinə görə, qadağa dərhal qüvvəyə minir: “Qadağanın məqsədi Rusiyanın əsas ixrac məhsullarından biri olan alüminium məmulatlarının istehsalını məhdudlaşdırmaqdır”.
Maris Peyn həmçinin qeyd edib ki, alüminium xammalının ixracının dayandırılması Rusiyada avtomobil və silah istehsalı, aerokosmik, maşınqayırma və tikinti sənayesinin fəaliyyətinə ciddi problemlər yaradacaq: “Rusiyanın alüminium oksidi ehtiyacının 20 faizə yaxınını Avstraliyadan idxal təşkil edir. Avstraliya hökuməti Rusiyaya məhsul ixrac edən yerli biznes üçün yeni bazarların tapılmasına dəstək verəcək”.
Nazirin çıxışından o da məlum olub ki, Avstraliya hökuməti Ukraynaya ən azı 70 min ton həcmində daş kömürü çatdıracaq: “Avstraliya enerji təhlükəsizliyini təmin etmək üçün Ukraynaya 70 min tondan az olmayaraq kömür yardımı çatdıracaq”. Maris Peynin sözlərinə görə, bu addım Ukrayna hökumətinin Polşa vasitəsilə onlara çatdırılan yardım istəyinə cavab olaraq atılır.
Ukraynaya daş kömürü Avstraliyanın ən böyük istehsalçılarından biri olan “Whitehaven Coal” tədarük edəcək, dəyərini isə hökumət ödəyəcək: “Şirkət artıq məhsulu yola salıb, biz Polşa və Ukrayna hkuməti ilə onun ən qısa müddətdə enerji istehsalı müəssisələrinə çatdırılması üzərində işləyirik”.