Nigeriyada qayığın batması nəticəsində ölənlərin sayı 103-ə çatıb

16:35 14 İyun 2023

Nigeriyanın Niger əyalətində toydan qayıdanları daşıyan qayığın batması nəticəsində həyatını itirənlərin sayı 103-ə yüksəlib.

Sitat.info xəbər verir ki, Kvara əyalətinin polis sözçüsü Okasanmi Ajayi, Niger çayında toydan qayıdanları daşıyan qayığın batması nəticəsində həyatını itirənlərin sayının 103-ə yüksəldiyini bildirib.

Qəzadan bəzi insanların sağ qaldığını qeyd edən Ajayi, hadisə yerində xilasetmə işlərinin davam etdiyini bildirib.

Qeyd edək ki, ölkə mətbuatının məlumatına görə, iyunun 12-də Niger əyalətində toydan Kvara ştatına getmək üçün qayığa minən 300-ə yaxın insan qayığın ağaca çırpılması nəticəsində batıb.

Kvara əyalətinin qubernatoru Əbdülrəhman Əbdülrazaq çox sayda insanın həyatını itirdiyi bədbəxt hadisəyə görə dərin kədərini ifadə edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti