Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin əldə etdiyi pərdəarxası razılaşmaları nəzərə alsaq, Cənubi Qafqazda sərhədlərin və xəritələrin dəyişdirilməsi ilə bağlı narahatlıqlar var.
Sitat.info xəbər verir ki, belə bir iddia ilə İran parlamentinin üzvü Ara Şaverdyan deyib.
O bildirib ki, bu, 44 günlük müharibədən sonra imzalanan 10 noyabr bəyanatından “kənara çıxır”:
“İran XİN-in bu barədə diqqətli olması lazımdır. Çünki Ermənistan hakimiyyəti hər zaman Zəngəzur dəhlizinin əleyhinə olduğunu desə də, faktlar göstərir ki, biz bu dəhlizə addım-addım yaxınlaşırıq, bu da İrana ziyandır, çünki bu, Cənubi Qafqazda Tehranın mövcudluğunu məhdudlaşdırır və Cənub-Şimal dəhlizinə ziyan vurur”.
İranın erməni deputatı qeyd edib ki, Qarabağdan sonra Azərbaycan addım-addın irəliləyəcək və Zəngəzur və digər dəhlizləri ələ keçirəcək:
“Çünki onlar (azərbaycanlılar – red.) Avropa və Türkiyə ilə əlaqə qurmaq istəyirlər və bu, bizim (İranın – red.) Avrasiyaya, Qara dənizə və Gürcüstana çıxışımızı məhdudlaşdıracaq. Bu gün Türkiyənin Naxçıvan və İran torpağı vasitəsilə Azərbaycanla əlaqələri var və sərhəd dəyişikliyinə, bölgədə baş verən digər proseslərə ehtiyac yoxdur.
Təəssüf ki, Cənubi Qafqazda sionist rejim və NATO kimi üçüncü qüvvələr İranın Avrasiyaya çıxışını məhdudlaşdıran amillərdir və bu, bizə siyasi, iqtisadi və strateji baxımdan zərər vurur. Biz Avrasiya İqtisadi İttifaqının daimi üzvü olacağımıza ümid edirik”.