İranlı millət vəkili Fədahüseyn Maliki Tehranla Vaşinqton arasında “qeyri-rəsmi” birbaşa danışıqların aparıldığını və dolayısı ilə aparılan danışıqların bəzilərində nəticəyə gəlindiyini bildirib.
Sitat.info xəbər verir ki, Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Maliki İran dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubu ilə söhbətində bildirib ki, İran və ABŞ arasında müxtəlif mövzularda dolayı və birbaşa danışıqlar aparılıb.
Dolayı danışıqlarda İranın dondurulmuş varlıqlarının sərbəst buraxılması və əsirlərin dəyişdirilməsi kimi mövzuları əhatə etdiyini qeyd edən Maliki deyib: "Amerikalılarla vasitəçilər yolu ilə aparılan danışıqların bəziləri uğurlu oldu. ABŞ ilə də birbaşa danışıqlarımız var, lakin bu danışıqlar rəsmi deyillər”.
İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani ilə Ağ Evin İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin ABŞ-da bir neçə dəfə görüşməsi və danışıqlarda mühüm irəliləyişin əldə olunması ilə bağlı iddialar son vaxtlar beynəlxalq mediada yer alıb. İran mediası isə Omanda İran və ABŞ arasında dolayı danışıqlar aparıldığını açıqlayıb.
ABŞ-ın birtərəfli sanksiyaları səbəbindən İranın İraqda dondurulmuş təxminən 10 milyard dollar olduğu deyilən 2 milyard 700 milyon dollarlıq aktivinin iyunun 10-da sərbəst buraxıldığı açıqlanıb.
Nəhayət, ötən gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani ABŞ-la dolayı danışıqlar apardıqlarını təsdiqləyib.
Seymur Bənnayev
Sitat.info