Rusiyanın prezidenti Vladimir Putin üçün ölkənin şərqində nəhəng ölçüdə sığınacaq, bir neçə mərtəbədən ibarət bunker hazırlanması barədə xəbərlər gəlməyə başlayıb. Ya da sovet dövründə mövcud olmuş gizli strukturun bərpasından danışmaq olar.
Manset.az-ın məlumatına görə, bu fərziyyəni mətbuata eksklüziv müsahibəsində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2005-2010-cu illərdə rəhbəri olmuş ordu generalı Mikola Malomuj səsləndirib. “Sovet İttifaqı dövründə belə bir bunkerdə iki-üç ay yaşamaq olardı”,- deyə o qeyd edib.
General bu qənaətə Rusiya hökumət təyyarələrinin martın 17-də Moskvadan Rusiya Federasiyasının şərqinə həyata keçirdiyi qəribə uçuşlar barədə məlumat əsasında gəlib.
O izah edib ki, Rusiya Federasiyasının bu regionunda sovet dövründə ölkə və ordu üçün gizli idarəetmə mərkəzləri tikilib. Əslində, onlar bütöv bir şəhər idi, yerin altında on metrlərlə dərinliyə gedir və avtonom enerji, rabitə, hava təmizləmə sistemi və s.
"Nüvə, kimyəvi, bakterioloji müharibə baş verərsə, onlar tamamilə bağlanaraq ətraf aləmdən təcrid olunur və oflayn rejimdə işləyirlər",- deyə Malomuj izah edib.
Sovet İttifaqı dövründən texnologiyaların xeyli irəlilədiyini nəzərə alaraq o, belə bir bunker-şəhərdə 2-3 ay deyil, daha uzun müddət, bir ilə qədər yaşamağın mümkün olduğunu ehtimal edib.
Xəbər verildiyi kimi, martın 17-də BBC-nin Rusiya xidməti Moskvadan ölkənin şərqinə 7 hökumət təyyarə reysinin qeydə alındığını bildirib. Onların əksəriyyəti təyinat yerində sadəcə, bir neçə dəqiqə ləngiyiblər.
Başqa bir versiya isə budur ki, Putin bu yolla Qərbi şantaj etmək istəyir. Yəni belə xəbərlərin yayılması Putinin öz istəyi ilə də ola bilər. Kreml rəhbəri belə bir görüntü yaratmaq istəyir ki, o, nüvə müharibəsinə hazırlaşır.
Amma bunun da asan olmayacağı Qərbin yüksək eşelonuna bəllidir. Ekspertlərin bildirdiyinə görə, nüvə müharibəsi heç də Putinin qırmızı düyməyə basması ilə başlaya bilməz. Rusiyanın nüvə silahından istifadə etməsi üçün qərar 7 mərhələdə icra olunmalıdır. Bütün bu mərhələlərdə yer alan heyətlərin bu qərarı sabotaj etməyəcəyini də əminliklə demək olmaz.
Həmçinin NATO-nun bu ssenariyə hazır olduğu məlumdur. Xarici medianın yazdığına görə, Rusiya nüvə hücumuna qərar verərsə, ölkənin nüvə infrastrukturu, xüsusən raketlərinin atış qurğularının çevik şəkildə sıradan çıxarılması üzrə əməliyyat planı hazırdır.
Rusiyanın tanınmış musiqiçisi Andrey Makareviç də öz sosial şəbəkə hesabında bu versiyadan qorxduğunu dilə gətirib: “Elə bilirsiniz, Putin nüvə müharibəsinə başlamaz? O, qərar veribsə, başlayacaq. Amma birinci atışdan sonra dünyanın qalan hissəsi 15 dəqiqə ərzində bizi (Rusiyanı – red.) Yer üzündən siləcək”.