Vaşinqton Azərbaycanla münasibətdə dönüşə başlayır. Prezident Baydenin fikrincə, Rusiyanı Cənubi Qafqazdan qovmağın və Bakını regionda əsas müttəfiqə çevirməyin vaxtı çatıb. Bunun üçün də ABŞ Prezidenti Bakıya erməni lobbisi ilə heç bir əlaqəsi olmayan yeni səfiri - Libbini göndərmək qərarı verib.
Sitat.info xəbər verir ki, bu barədə Rusiyanın “Novıye izvestiya” nəşrində dərc olunan məqalədə bildirilib.
“Daha əvvəl Amerika Erməni Milli Komitəsi və Konqresdəki nüfuzlu ermənipərəst lobbi Bakıya yeni səfirin ABŞ-ın Azərbaycana silah satmayacağına dair İncilə and içməsindən sonra göndəriləyəcəyi vədini vermişdi. Bununla da bir neçə səfir namizəd siyahısından çıxarıldı və diplomatik missiyanın rəhbəri postu artıq bir ildir ki, boş qaldı. İndi isə ABŞ-ın Brüssel, Varşava, Nassau, Nikosiya və Bağdaddakı missiyalarında siyasi məsləhətçi vəzifəsində çalışmış diplomat Mark Libbi Ağ Evin Bakıya göndərəcəyi səfir adını qazanıb və o, senatorlar qarşısında çıxış edib. Rəsmi Bakının ermənipərəst mövqe tutan diplomatla işləməyəcəyini anlayan gələcək səfir çox ehtiyatla danışmağa çalışıb. O, çıxışında bildirib ki, Azərbaycanda onu vacib işlər gözləyir, o cümlədən ərazi bütövlüyü, suverenlik, regionun bütün sakinlərinin hüquqları və təhlükəsizliyi məsələlərinin həlli. ABŞ Dövlət katibi Blinken tabeliyində olan əməkdaşının yerinə (Libbi - red.) artıq hər şeyi deyib. Məhz Blinken Laçın yolundan danışaraq, bu yolla bağlı "Azərbaycana təzyiq göstərməyə davam edəcəyi” vədini verib. Bunu erməni lobbiçiləri tələb edir və bildirirlər ki, Rusiya sülhməramlıları Laçın yolunu tərk etməlidirlər. Bu, yerli separatçıları silahlandırmaq üçün Azərbaycanın Qarabağ iqtisadi rayonuna silah və yaraqlıların çatdırılmasına icazə vermək demək olar.
Bu arada, humanitar yüklər Qarabağa tam həcmdə gətirilib və hələ də gətirilir. Yerli sakinlərdən heç kim yemək və dərman çatışmazlığından şikayət etmir”, - məqalədə deyilir.
Mövzu ilə bağlı siyasi analitik Andrey Petrovun sözlərinə görə, Blinkenin bəyanatı sayəsində bəlli oldu ki, ABŞ-ın Laçın yolu ilə Bakıya mümkün təzyiqi həm də İrəvanın təkid etdiyi Qarabağ iqtisadi rayonuna hansısa “beynəlxalq missiya”nın yeridilməsi perspektivi ilə izah olunur:
“Vaşinqton və İrəvan Rusiyanı sıxışdırmaq və regionun sülhməramlılarını Amerika hərbçiləri ilə əvəz etmək istəyir. Azərbaycan təbii ki, öz ərazisində heç bir “beynəlxalq missiya” ilə razılaşmayacaq. ABŞ Azərbaycanı Cənubi Qafqazda özünün əsas müttəfiqi edə bilməyəcək. Daha doğrusu, Ermənistan KTMT-dən çıxan kimi İrəvan ABŞ-ın müttəfiqi olacaq. Və o zaman Rusiya Azərbaycanın regionda yeganə müttəfiqi olaraq qalacaq. Amerikalıların Bakıya azərbaycanlıların milli maraqlarından - qonşu Rusiya ilə siyasi, iqtisadi və mədəni əlaqələrin davam etdirilməsindən üstün olacaq heç bir təklifi yoxdur. Gələcəkdə necə olacaq? Prezident Əliyev ölkəni idarə etdikcə heç nə dəyişməyəcək”.
Rusiya Beynəlxalq Məsələlər Şurasının rəhbəri Andrey Kortunov isə qeyd edib ki, Qərb Cənubi Qafqaza "sızmağa" çalışır:
“Ermənistanla Azərbaycan arasında vasitəçi kimi çıxış etməyə çalışan AB-nin fəallığının artdığını görürük. Pelosinin İrəvana son səfəri göstərdi ki, ABŞ regiondakı rolunu vurğulamağı zəruri hesab edir. Təbii ki, indiki şəraitdə Rusiya ilə Qərbin Cənubi Qafqaz regionunda səmərəli qarşılıqlı fəaliyyət imkanları son dərəcə məhduddur. Mənə elə gəlir ki, burada Rusiyanın maraqları ilə Qərb ölkələrinin maraqları bir-birinə o qədər də zidd deyil. Çünki heç kim qeyri-sabitlikdə və Ermənistanla Azərbaycan arasında münaqişənin yenidən başlamasında maraqlı deyil. Bu gün Moskva Azərbaycanla Ermənistan arasında genişmiqyaslı hərbi münaqişənin yenidən alovlanması ilə nəticələnə biləcək eskalasiyanın qarşısını almaqda maraqlıdır. Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirir və eyni zamanda həm Rusiya-Azərbaycan, həm də Rusiya-Ermənistan xətti üzrə ikitərəfli münasibətlərin inkişafı istiqamətində fəal iş aparılır”.