İsrail qüvvələri yenidən hücuma keçib: 1 ölü, 6 yaralı

14:18 15 İyun 2023

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərinə təşkil etdiyi basqında 1 fələstinli həlak olub, 6 fələstinli isə yaralanıb.

Sitat.info xəbər verir ki, şahidlərdən alınan məlumata görə, Nablusa müxtəlif nöqtələrdən basqın edən çoxlu sayda İsrail əsgəri fələstinli məhbus Usamə et-Tavilin Refidiye rayonundakı evini mühasirəyə alıb.

Fələstinlilərin basqına reaksiyası zamanı İsrail qüvvələri gözyaşardıcı qazla birlikdə real və rezinlə örtülmüş metal güllələrdən istifadə edərək müdaxilə edib.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin müdaxiləsi nəticəsində bir fələstinlinin həyatını itirdiyi, biri ağır olmaqla 6 nəfərin də yaralandığı bildirilib. Basqın zamanı çox sayda insan da gözyaşardıcı qazdan zərər çəkib.

Hadisələrdən sonra İsrail qüvvələri hərbi buldozerlərin müşayiəti ilə Tavilin evini partlayıcılarla dağıdıb.

Qeyd edək ki, Tavil fevralın 13-də keçən il bir İsrail əsgərinin ölümü ilə nəticələnən silahlı hücumu təşkil etməkdə ittiham olunaraq saxlanılıb.

2023-cü ilin əvvəlindən İsrail qüvvələri 396 fələstinlinin evini dağıdıb, 619 evsiz qalıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti