Bu ilin 5 ayı ərzində paytaxt da daxil olmaqla respublika yollarında piyadalara yol verməyən 5 minə yaxın sürücü, ötən ildə isə 10 minə yaxın sürücü barəsində cərimə tətbiq edilib.
Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə əsasən, nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməyən sürücülər 50 manat miqdarında cərimə ediliblər.
Bildirilib ki, piyada keçidlərində piyadalara yol verilməsi, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və qəzaların sayının azalmasına təsir göstərir: Statistikadan bəlli olur ki, 10 min sürücü ümumilikdə 500 min manat məbləğində cərimələnib.
“Bəzən piyadalar keçidlərdə dəqiqələrlə gözləmək məcburiyyətində qalırlar və yaxud da bir sıra sürücülər müşahidə kameralarının olduğu piyada keçidlərində piyadalara yol verirlər, lakin kameraların olmadığı keçidlərdə bu qaydaya əməl etmirlər. Nizamlanmayan piyada keçidlərində piyadalara tək minik avtomobillərinin sürücüləri deyil, həmçinin bəzi moped və motosiklet sürücüləri də yol vermir. Bu baxımdan, hər biri sürücünü yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq”.