Rusiyada Priqojin prezident Putindən daha populyardır

12:54 16 İyun 2023

Ukraynada meydanda uğur qazanan “Vaqner” qrupu, meydandan kənarda Rusiya administrasiyasına başağrısı verməkdə davam edir.

Sitat.info xəbər verir ki, cəbhədə Rusiyanın ciddi hərbi yükünü daşıyan Vaqnerin Moskva adminisrasiyası ilə artan mübarizəsini necə bitirəcəyi maraq doğurur. “Vaqner”in lideri Yevgeni Priqojin son olaraq bildirib ki, Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov edam edilməlidir və Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə “Vaqner” hərbçilərinin indi Müdafiə Nazirliyi ilə müqavilə bağlaması qərara alınıb. “Biz bu müharibədə iştirak etməyə başlayanda heç kim Müdafiə Nazirliyi ilə müqavilə bağlamalı olduğumuzu demədi” deyə Priqojin bildirib.

Vaqner rus ordusu üçün əvəzolunmazdır. Ukraynada 50 minə yaxın əsgəri olan Vaqner qüvvələri müharibədə iştirak edən   Rusiya ordusunun 20 faizindən çoxunu təşkil edir. Həm də görünür ki, cəbhədə irəliləyiş göstərən yeganə qrup Vaqner əsgərləridir. Odur ki, bütün problemlərə baxmayaraq, Moskvanın Vaqneri bağlamasının mümkün olmadığı bildirilir.

Digər tərəfdən, Rusiyada internet axtarışları “Vaqner”in lideri Yevgeni Priqojinin prezident Putindən daha populyar olduğunu göstərib. Google məlumatlarına görə, ruslar Priqojinlə daha çox maraqlanırlar.

Nərgiz,

Sitat.info



Xəbər xətti