İsrail qüvvələri 3 fələstinlini öldürüb, 29 nəfəri yaralayıb

11:09 19 İyun 2023

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cənin şəhərinə təşkil etdiyi basqında 3 fələstinli həlak olub, 29 nəfər isə yaralanıb.

Sitat.info xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, İsrail əsgərləri onlarla zirehli hərbi maşınla Cəninə basqın edib. Basqın zamanı bəzi evlərə də İsrail snayperləri yerləşdirilib.

Basqına reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında qarşıdurma yaranıb.

İsrail qüvvələri real güllə, qaz və səs bombaları ilə fələstinli gənclərə müdaxilə edib.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail əsgərlərinin Cənin bölgəsində həyata keçirdiyi basqında 3 fələstinli real güllələrlə öldürülüb, 29 fələstinli yaralanıb.

Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu açıqlanıb.

Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri nəzarətə götürür. Zaman-zaman basqınlara reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında toqquşmalar baş verir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti