"Koronavirusun fəsadları haqqında indidən rəy vermək tezdir. Bu bir pandemiya idi. Ona görə də 1-3-il kifayət deyil ki, ona rəy verilib dəqiq bir fikrə gəlinsin".
Bu sözləri Sitat.info-ya açıqlamasında kardioloq İdris Xəlilov deyib.
Onun sözlərinə görə, qəfl ürək ölümləri həmişə olub və olacaq. Bunu koronavirusla bağlamağın heç bir əsası yoxdur: "Əgər insanlar qəfl ürəktutmadan ölürlərsə onlar vaxtında, düzgün müayinə olunsalar əminəm ki, 95% hallarda bu kimi qəfl ölümlər olmayacaq. Qəflölüm ürəyin bir saat ərzində baş verən, bəlli olan və ya olmayan səbəblərdən əmələ gələn dayanmasıdır. İnsanlarımızın çoxu 60-70 il yaşayır və həkimə getmirlər. Buna görə də təəssüf ki, doğulan uşaqlarda belə qəfl ölümlər üçün şərait yaranır. Təqribən hər 2 min uşağın 1-də bu hal yaşanır. Doğulan uşaqlar müayinə olunmur və hər bir yaşda qəfl ölümlə üzləşə bilərlər. İnsanlar yaxşı olar ki, 35 yaşdan sonra heç olmasa bir dəfə ümumi müayinədən keçsinlər və əgər hər bir yaşda yoxlanılmasından asılı olmayaraq hər hansı bir diskomfort yaranacaqsa mütləq sabaha saxlamasınlar və həmin həkimə müraciət etsinlər. Tam səmimi deyirəm ki, bunun üçün respublikamızda yüksək ixtisaslı həkimlər və klinikalar var. Bunu bizim yüzlərlə həmkarımızın peşəkar fəaliyyətləri sübut edir".
Kardioloq qeyd edir ki, 40 il əvvəl həkimlik fəaliyyətinə başlayanda ürək-damar xəstəlikləri olan passientlərimizin hamısını sonda itirirdik: "İndi həmin xəstəlikdən əziyyət çəkən passientlər stend, ablasiya və s. sayəsində 30-40 il sağlam yaşaya bilərlər. Bunu nəzərə almaq lazımdır".
İ. Xəlilovun müşahidəsinə görə, koronavirus infeksiyasını keçirən və vanskin vurulan şəxslərdə son 1-2 ildə bir neçə simptom özünü göstərir: "Bunlara əzələ-sinir ağrıları, depressiya, yaddaş pozuntusu, yuxu pozuntusu, panika və s. daxildir. Panika və depressiyanın səbəbi TV və sosial şəbəkələrdə aparılan yanlış məlumatlandırmadır. İnsanlar sadəcə olaraq özlərinə qarşı diqqətli olmalı, hər hansı bir narahatlıq olduqda və ya olmadıqda müayinədən keçməli və sağlam həyat tərzinə keçməlidir. Normal yuxu, 30 dəqiqədən az olmayaraq fiziki hərəkət, sağlam qidalanma, fabrik məhsullarından qaçınma, fəst-fudlardan çəkinmək, yalnış informasiyalarla beyinlərini yükləməmək və s. sağlamlığın əsas şərtlərindəndir".
Seymur Bənnayev
Sitat.info