Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması qaydası təsdiq edilib.
Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qayda “Qida təhlükəsizliyi haqqında” qanunun 10.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün açıq reyestrinin aparılması qaydasını müəyyən edir.
Qərarda qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən elektron formada açıq reyestrinin aparılması ilə bağlı məsələlərin tənzimlənməsi nəzərdə tutulur.
Qərarın qəbulu ilə qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar barədə məlumatların vahid mənbədə toplanmasına, insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının qorunması üçün qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar barədə istifadəçilərə vaxtında, düzgün və ətraflı məlumat verilməsinə imkan yaradacaq.
***
Baş nazir Əli Əsədov “Qida təhlükəsizliyi haqqında” qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydası”nda dəyişiklik edib.
Qərarda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və və ya təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi prosedurlarının müəyyən edilməsi nəzərdə tutulur.
Qərarın qəbul edilməsi əhalinin sağlamlığının qorunmasına, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınmasına, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçiriləcək tədbirlərin müasir və beynəlxalq tələblərə uyğun və təkmil prosedurlar əsasında aparılmasına imkan yaradacaq./Axar.az