“Ötürdükləri vəsaitlərin külə dönməsindən məyus olublar”-politoloqdan sərt mövqe

14:50 23 Mart 2022

“Torpaqlarımızın işğal altında olduğu, təxminən 28 illik zaman kəsiyində, 44 günlük müharibə dövründə və təbii ki, son vaxtlaradək vandal, uşaq qatili ermənilərin qaniçən simasından “məzlum” tayfa obrazı tirajlayan Qərb mediası Ukraynada baş verən müharibə ilə bağlı təbliğatında istinad mənbəyi kimi Azərbaycan Ordusunun nümayiş etdirdiyi möhtəşəm döyüş taktikasından nümunələr gətirir”.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bu fikirlər siyasi şərhçi Elçin Mirzəbəyliyə məxsusdur. Ekspert sosial şəbəkədəki hesabında daha sonra yazıb: “Təəccüblü deyil, çünki zirehli döyüş texnikasından istifadə erasının sonunu gətirən, tankları “kibrit qutusu”na çevirərək alışdıran, hava hücumundan müdafiə sistemlərini darmadağın edən başqa nümunələri yoxdur. Hətta müsəlman Şərqində, Aralıq dənizi hövzəsində, Ərəbistan yarımadasında törətdikləri qanlı müharibələrdən belə analoji nümunələr gətirə bilmirlər.

44 günlük müharibə dövründə əleyhimizə 44 min yalan tirajlayan Vaşinqton Post (“The Washington Post”) Birləşmiş Ştatların Ukraynaya göndərdiyi “Cavelin” (“Javelan”) tank əleyhinə raket kompleksinin və “Switchblade” kamikadze pilotsuz uçuş aparatlarının zirehli texnikaya qarşı üstünlüyünü sübuta yetirmək üçün Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki uğurlarından yazır. Sitat: “Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının İsrail istehsalı olan sursatlarla kombinasiyası Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə nəticələnən müharibədə çox effektiv oldu, daha öncə də məlumat verdiyimiz kimi, Ermənistanın döyüş maşınlarının 47% faizi məhv edildi, yaxud sıradan çıxarıldı”.

E.Mirzəbəyli əlavə edib ki, ikincisi, Qarabağ müharibəsində Ermənistanın hərbi texnikasının, təxminən 80%-nin sıradan çıxarıldığı, artıq bütün dünyanın bildiyi həqiqətdir. “Vaşinqton Post” bunun 47 faizini etiraf edir, yerdə qalan 33 faizini isə ermənilərə olan sevgisindən dolayı “gizli” saxlayır. Çünki Ermənistanın sıradan çıxarılan hərbi texnikasının bir hissəsi də “Vaşinqton Post” kimi resursları maliyyələşdirən dairələrin ötürdüyü vəsaitlərin hesabına əldə olunub. Ola bilsin ki, həm də ötürdükləri vəsaitlərin külə dönməsindən məyus olublar...”, siyasi şərhçi daha sonra bildirib.
 



Xəbər xətti