Səfirimiz AB-yə çağırıldı, töhmət alacaq – Nə baş verir?

22:28 30 İyun 2023

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov Avropa Parlamentinin üzvünü “İstiqlal” snayperi ilə hədələmək qərarına gəlib və bu da, əlbəttə ki, ciddi qalmaqala səbəb olub. AP-nin Fransadan olan üzvü, təhlükəsizlik və müdafiə alt komitəsinin sədri Natali Luazo dərhal cavab verib – çünki bu yaxınlarda sərhədimizə gələn məhz odur.

Avropa Birliyi və Avropa Parlamentindəki erməni lobbisi bu olaydan məharətlə ölkəmiz əleyhinə istifadə edir. Səfirimiz artıq Avropa Birliyinin Xarici Xidmət Departamentinə də dəvət edilib. Diplomatik mənbələrdən aldığımız məlumata görə, V.Sadıqova töhmət veriləcək.

Nə baş verdiyini anlamağa çalışaq: Natali Luazo Fransadakı erməni diasporunun güclü təsiri alatında olan şəxsdir və illərdir ki, Azərbaycana qarşı fəaliyyət göstərir. Bir neçə gün öncə də Ermənistana səfər etmiş, Laçın yolunun girişinə qədər gəlmiş, “dəhlizin qanunsuz olaraq bağlandığını öz gözləri” ilə gördüyünü demiş və bütün təəssüratlarını Brüsselə daşıyacağı barədə ermənilərə söz vermişdi. Yəni Vaqif Sadıqov Luazonun marşrutunu və ermənilərə vədlərini izləyirsə, onun Brüsselə qayıdandan sonrakı həmlələrinə artıq hazır olmalı idi.

Natali Luazo – 1964-cü il təvəllüdlü xanım siyasətçinin parlaq karyerası var: 1986-1988-ci illərdə Fransa Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat İdarəsində çalışıb, 1993-1995-ci illərdə xarici işlər naziri Alen Jüppenin müşaviri olub, 2002-2005-ci illərdə Fransanın İndoneziya, Seneqal və Mərakeşdəki səfirliklərinin katibi, həmçinin ABŞ-dakı səfirliyin mətbuat katibi işləyib. Xarici və Avropa İşləri Nazirliyinin Modernləşdirmə Direktorluğunun Baş İdarəsində insan resursları üzrə direktor vəzifəsində çalışıb. 2017-2019-cu illərdə Fransanın xarici işlər naziri yanında Avropa işləri üzrə məsul nazir kimi fəaliyyət göstərib. Hazırda isə AP-nin alt-komitə sədridir.

Kifayət qədər geniş əlaqələrə malik olan Luazo hər zaman antiazərbaycan mövqeyi ilə seçilib: işğal illərində bütün maddi-mədəniyyət abidələrimizin, evlərin məhv edildiyini, bircə yaşıllıq saxlanılmadığını, işğal altında olan torpaqlarımızın sərvətlərinin talanaraq, səhralığa çevrildiyini “görməyib”, ancaq 2020-ci ilin 44 günlük savaşından sonra dərhal erməni “irsinin” qorunması adı altında geniş fəaliyyətə başlayıb. Onun yalnız “təhlükə altında olan erməni mədəni irsinin qorunması üçün təcili tədbirlər görmək lazımdır. UNESKO, ALIPH Fondu, haradasınız? Azərbaycan artıq kilsələrdən erməni izlərini silmək planlarını açıqlayıb” sözləri bu şəxsin Azərbaycana qarşı hədd bilməyən təbliğatda mühüm rol oynadığının adi sübutlarından biridir.

Qeyd etdik ki, xanım Luazo parlaq karyeraya malikdir, geniş əlaqələri və təsir imkanları var, onun ermənipərəst fəaliyyətinin qarşısına keçmək üçün ciddi diplomatik bacarıq, faktları təqdimetmə qabiliyyəti, dediyimiz kimi, izləmək, hazırlıqlı olmaq lazımdır: “İstiqlal”ı səngərdəki əsgərimiz tutur, nə vaxt lazımdırsa, o zaman da istifadə edir – diplomatımızın silahı isə sözdür, faktdır, düşmənə bəhanə verməməkdir.

Vaqif Sadıqov gənc deyil, təcrübəsiz də deyil – 1956-cı il təvəllüdlüdür, alimdir, 1992-ci ildən XİN sistemindədir, Avstriyada (1995-204), İtaliyada (2010-2016) səfirimiz olub; bir çox beynəlalq qurumda Azərbaycanın daimi nümayəndəsi olub, hətta 2004-2010-cu illərdə xarici işlər nazirinin müavini işləyib. Yəni bütün karyerası boyu Luazo və onun kimi yüzlərlə ermənipərəstlə qarşılaşıb, onlarla diplomatik mübarizə aparmağın yollarını da bilməmiş deyil: hazırda dünyada “trend” olan təbliğat formalarına da bələddir və yaxud olmalıdır – məsələn, ekoloji problem, “milli irs”, “tarixi abidələr”…

Fransız xanım siyasətçi “120 min əhalinin təcridi”, “erməni milli irsinin məhvi” kimi bəzi qurumların həssaslıqla yanaşdığı məsələlərdən sui- istifadə edərək, ermənipərəst mövqeyini nümayiş etdirir və ölkəmiz əleyhinə iş görür, Vaqif Sadıqovun isə ona cavabı 1 milyon qaçqın, 5 min taleyi hələ də bəlli olmayan insan, Xocalı, Ağdaban, 67 məscidin yer üzündən silinməsi və nəhayət, DSX hərbçisinin 2023-cü il 15 iyunda güllələnməsi… deyil, “İstiqlal”dır, hədədir. Həm də bu hədənin diplomatımızın öz imkanlarına qəti aidiyyəti yoxdur, bu, kiməsə “arxalanmaq”la diplomata yaraşmayan səviyyədə “qürrələnmədir”.

Bu ölkənin hərbi-siyasi və iqtisadi qüdrətini siyasətində maksimum səviyyədə təmsil etməyə haqqı olan şəxs - Prezident İlham Əliyevdir. Ancaq İlham Əliyev 44 günlük savaşda, müharibə getdiyi vaxtda belə xarici media qurumlarının ən provokativ, ermənipərəst və jurnalistə yaraşmayan, prokuror ədalı suallarına o qədər səbirli, yüksək səviyyədə, diplomatik bacarıq və informasiyalılıqla, faktlarla cavab verirdi ki, hətta qarşı tərəf “siz çox hazırlıqlı şəxssiniz” etirafını etmək məcburiyyətində qalırdı.

İlham Əliyevin bütün beynəlxalq platformalarda hansı diplomatik peşəkarlıq göstərdiyini təkrarlamağa ehtiyac yoxdur. Bu, nümunədir – Azərbaycanın bütün diplomatları üçün. Əvəzində isə biz Vaqif Sadıqov kimi uzun illərin XİN işçisinin heç bir diplomatik normaya uyğun olmayan, qarşı tərəfin daha genişmiqyaslı təbliğat və təzyiqinə, hay-küyünə fürsət və bəhanə verən tvitinin şahidi olduq. İllah ki, ölkənin xarici işlər nazirinin müavini olmuş, bir neçə ölkədə səfir görəvini yerinə yetirmiş və hazırda da bunu davam edən şəxsin buna haqqı varmı?

Vaqif Sadıqov hissə qapılıb, əsəbiləşib, bu qədər böhtana, şərə, yalan təbliğatına dözə bilməyib?

Ola bilər – əsəblərinə hakim ola bilmirsə, ölkəyə qayıda və burada xatirə yaza və yaxud hansısa nəşrdə köşə yazarı kimi fikirlərini istədiyi formada ifadə edə bilər.

Ancaq ölkəni təmsil edən yüksək çinli, həm də təcrübəli diplomat bu qədər ciddi səhvə yol verə bilməz – bunun zərbəsini Azərbaycan çəkir.

Vaqif Sadıqov özündən yaşca və təcrübə baxımından kiçik olan xanıma uduzdu. “İstiqlal”a əl atdı – əvəzində Luazonun sərrast “snayper” atışına - diplomatik zərbələrinə məruz qaldı. Bu zərbələr isə V.Sadıqovun üzərindən Bakıya dəyir…

Məsələ burasındadır ki, bu, yalnız Vaqif Sadıqovla bağlı olan məsələ deyil: bəzi diplomatlarımız öz addımları, sözləri, hərəkətləri, yersiz davranışları ilə vaxtaşırı olaraq dövlətimizi hədəfə çıxarır və düşmənin əlinə fürsət verirlər - Rumıniyada və Cenevrədəki səfirlərimizin içki, eyş-işrət məclislərini xatırlatmaq kifayətdir.

Dünyanın həssas dönəmdən keçdiyi, Azərbaycanın çox ciddi siyasi-diplomatik mübarizənin içində olduğunu və qarşımızda Paşinyandan artıq erməni olduğunu fəxrlə deməkdən belə çəkinməyən Makron və makronları görüb-dərk etmək vacibdir: hərbi səngərlə diplomatik cəbhənin yerini səhv salanlar yolumuzun üstündən vaxtında çəkilməlidir.

Ümid edək ki, bu, sonuncu olacaq…



Xəbər xətti