“Ukraynadan Moldovaya gələn azərbaycanlı qaçqınların sayında kəskin azalma var. Onların sayı artıq yüzlərlə, minlərlə deyil”.
Bunu Musavat.com-a açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov deyib.
O bildirib ki, son olaraq Ukraynadan Moldovaya gələnlərin əksəriyyəti vaxtilə Ermənistandan qaçqın düşmüş azərbaycanlılardır. Onlar Kişinyov yaxınlığındakı Tataresti rayonunda bir kilsəyə yerləşdiriliblər və səfirlik vasitəsilə onlara humanitar yardım göstərilir.
Qüdsi Osmanov bildirib ki, soydaşlarımıza Azərbaycan dövləti adından dəstək ifadə edilir:
"Onu da bildiririk ki, onlar bizim dəstəyimizlə Azərbaycana deyil, Avropaya, Almaniyaya getsinlər. Çünki orada Ukraynadan didərgin düşənlər üçün dünya səviyyəsində hər cür şərait və dəstək var. Həm faktiki vəziyyət, həm də gələcək baxımından Avropaya yerləşmək daha stratejidir, daha doğrudur".
Səfir onu da qeyd edib ki, soydaşlarımız qeyri-müəyyənlik baxımından Avropaya getməkdən çəkinirlər:
"Lakin biz dövlət adından onlara hər mərhələdə dəstək olacağımızı bildiririk, təşviqlərimizi aparırıq".