İran: İsrailin Cəninə hücumu dövlət terrorizminin bariz nümunəsidir

15:59 3 İyul 2023

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani İsrailin işğal altındakı İordan çayının qərb sahilində Cəninə hücumunu “dövlət terroru” adlandırıb.

Sitat.info xəbər verir ki, Mehr Xəbər Agentliyinin məlumatına görə, Kənani həftəlik mətbuat konfransında ölkədə və beynəlxalq arenada baş verənləri dəyərləndirib.

Kənani deyib: "Sionist rejim (İsrail) ordusunun Cənin şəhərinə həyata keçirdiyi hava, quru və raket hücumları cinayət əməli və dövlət terrorizminin bariz nümunəsidir. Cinayət törətmək sionist rejimin xarakterinə çevrilib. Biz bu cinayətləri qətiyyətlə pisləyirik”.

Fələstin xalqının öz torpaqlarını müdafiə etmək hüququna malik olduğunu vurğulayan Kenani: "Sionistlərin hücumlarına qarşı Fələstin xalqının hüquqlarını müdafiə etmək beynəlxalq ictimaiyyətin vəzifəsidir. İslam Əməkdaşlıq Təşkilatının bu məsələni öz üzərinə götürməsi gözlənilir. Bu sahədə ciddi və təsirli tədbirlər görülməlidir”, - açıqlamasında deyib.

Qeyd edək ki, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Cənin şəhərinə bu gün səhər saatlarında həyata keçirdiyi hava hücumu və basqında 8 fələstinli həyatını itirib, 10-u ağır olmaqla 50 fələstinli yaralanıb.

Əl-Bire şəhərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində başından güllə yarası alan bir fələstinli həyatını itirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti