“Yevgeni Priqojin Belarus ərazisində deyil, Rusiyanın Sankt-Peterburq şəhərindədir”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O bildirib ki, “Vaqner” Xüsusi Hərbi Şirkəti Rusiyaya məxsusdur: “Ona görə də bu şirkətlə bağlı sualların mənə aidiyyəti yoxdur. Priqojinə gəldikdə isə o, Belarus ərazisində deyil, Sankt-Peterburqdadır”.
Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.
Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.
Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.
Yevgeni Priqojinin Belarusda olduğu ehtimal edilirdi. report