Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib.
Sitat.info xəbər verir ki, “Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən bu cür qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir.
İyulun 5-də “Kamaz” markalı, 90-SO-154 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Xanmusa Xubyar oğlu Seyfullayev və “ Kamaz” markalı, 35-BX-877 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Arzuman Valeh oğlu Orucov yükdaşıma qaydalarını il ərzində təkrar pozduqlarına görə, Baş DYP İdarəsinin YPX Alayının VI taqımının əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 1200 manat məbləğində cərimə ediliblər.
İdarə bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı müvafiq normalara və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir.
Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslər barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək”./Axar.az