Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi təcavüzün nüvə müharibəsinə qədər gedib çıxa biləcəyi haqda indi daha tez-tez narahatlıqlar səslənir. virtualaz.org xəbər verir ki, bir sıra analitiklər hərbi uğur qazana bilməyən Rusiyanın hansısa formada NATO-nu münaqişəyə cəlb edərək nüvə zərbəsi endirməyi nəzərdən keçirdiyini istisna etmir.
Ötən gün Putinin sözçüsü Dmitri Peskov Rusiyanın nüvə silahından istifadəsinin mümkünlüyünü istisna etməyib, amma bildirib ki, nüvə silahından nə zaman istifadə ediləcəyi Rusiyanın hərbi doktrinasında aydın göstərilib. Onun sözlərinə görə, əgər Rusiyanın “mövcudluğuna təhlükə” yaranarsa o zaman nüvə silahı tətbiq ediləcək.
“Rusiyanın mövcudluğuna təhlükə” isə kifayət qədər yayğın anlayışdır və Kreml belə təhlükəni uydura da bilərdi. Necə ki, Ukraynaya qarşı hərbi təcavüz üçün bir sıra səbəblər uydurub, bu ölkədə guya “rusların genini dəyişdirməyə yönəlmiş” bioloji silah hazırlandığını, Kiyevdə “nasistlərin dinc ukraynalıları girov saxladığı”, Ukraynanın öz ərazisində NATO-nun nüvə raketlərini yerləşdirə biləcəyini və ya özü nüvə silahı əldə edib Rusiyanı təhdid edə biləcəyini irəli sürüb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski isə nüvə silahından istifadənin mümkünlüyü haqda daha sinik bəyanat verib.
SİTAT.İNFO Sky News-i istinadən xəbər verir ki, rusiyalı diplomatdan nüvə silahından istifadə təhdidi barədə soruşublar. O cavab verib ki, əgər “NATO Rusiyanı təhrik edərsə” Moskva bu silahdan istifadə hüququnu özündə saxlayır.
“Əgər NATO Rusiyanı təhrik edərsə, əgər Rusiya NATO tərəfdən hücuma məruz qalarsa niyə də yox? Biz nüvə dövlətiyik”, - Polyanski bildirib.
“Rusiyanı təhdid etmək və münaqişəyə qarışmağa cəhd etmək olmaz. Əgər nüvə dövləti ilə işiniz varsa o zaman öz hərəkətlərinizin bütün mümkün nəticələrini ölçüb-biçməlisiniz”, - diplomat əlavə edib.