“Münaqişələr nə qədər uzun olsa, müharibə hər iki tərəf üçün o qədər dağıdıcı olur. Türkiyə 2014-cü ildən bu günə kimi birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Rusiya və Ukrayna arasındakı müharibənin qısa zamanda dayandırılması üçün hər iki ölkənin lideri ilə əlaqə saxlayırıq. Bundan sonra da Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarımızı davam etdirəcəyik. Bütün səylərimiz sülh atmosferi yaratmaq üçün bu iki lideri bir araya gətirməkdən ibarətdir”.
“Report” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən deyib.
“Hər iki liderlə təmaslarımız davam edəcək. Bizim siyasətimiz həmişə sülh siyasəti olub. Danışıqları asanlaşdırmaq üçün bir çox addımlar atmışıq. Bu prosesdə konstruktiv olmağa diqqət yetiririk. Ukraynanın suverenliyi və müstəqilliyi əsas prioritet olmalıdır. Danışıqlarda bəzi irəliləyişlərin əldə olunmasına ehtiyatla yanaşırıq”, - Ərdoğan deyib.
Türkiyə Ukrayna ilə Rusiya arasında sülhün bərqərar olacağına ümid edir.
“Montrö Konvensiyasının ölkəmizə verdiyi səlahiyyətlərdən Qara dənizdəki gərginliyi azaltmaq üçün istifadə edirik. Biz 63 mindən çox insanın, o cümlədən ukraynalıların münaqişə zonasını tərk etməsinə kömək etdik. Türkiyəyə daxil olan ukraynalıların sayı 60 min nəfərə çatıb”, - Ərdoğan əlavə edib.
Türkiyə lideri deyib ki, NATO Ukraynaya dəstək üçün real addımlar atmalıdır. Onun sözlərinə görə, NATO-nun yenidən birlik mesajı verməsi əlamətdardır.