Zelenski: Ukrayna təhlükəsizlik sahəsində mühüm qələbəsini vətənə aparır

21:33 12 İyul 2023

Volodimir Zelenski NATO-nun Vilnüs sammitindən ölkəsinə Ukrayna üçün mühüm “təhlükəsizlik qələbəsi” aparacaqlarını bildirib.

Sitat.info xəbər verir ki, Zelenski NATO-nun Vilnüs Sammiti çərçivəsində ilk dəfə keçirilən Ukrayna-NATO Şurasının iclasından sonra danışıb.

Ukraynanın bu gün NATO yolunda təhlükəsizlik zəmanətləri olduğunu deyən Zelenski: “Biz G7 ölkələri və əsas tərəfdaşlarımızla ikitərəfli və çoxtərəfli sazişlər vasitəsilə genişləndiriləcək təhlükəsizlik zəmanətləri çərçivəsində razılaşdıq. Ukrayna nümayəndə heyəti Ukrayna üçün, ölkəmiz, xalqımız, uşaqlarımız üçün mühüm təhlükəsizlik qələbəsini vətənə aparır. Bu, bizim üçün yeni təhlükəsizlik imkanları açır”.

Qeyd edək ki, NATO ilə Ukrayna arasında münasibətləri növbəti səviyyəyə çıxarmaq üçün yaradılan NATO-Ukrayna Şurası tarixində ilk dəfə toplanıb. Şuranın ilk iclası dövlət və hökumət başçıları səviyyəsində keçirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti