Böyük Britaniya taxt-tacının gələcək varisi, şahzadə Uilyam və onun həyat yoldaşı Keyt Middltonun Karib səfəri bəlkə də onların indiyədək üzərlərinə götürdükləri ən çətin öhdəliklərdən biri olub. Buna səbəb isə kral ailəsinin hələ səfərə çıxmazdan öncə Beliz, Yamayka və Baham adalarında yüksələn etirazlar olub.
Bir neçə gün öncə Beliz və Yamaykadakı bir çox qruplar əllərində plakatlar tutaraq, Britaniya kral ailəsinin onlardan ən azı üzr istəməsini və səhv etdiklərini etiraf etməsini tələb ediblər. Etirazçılar əsrlərdir kral ailəsinin onları istismar etdiklərini iddia ediblər.
Bu etirazlara görə cütlüyün Belizdəki səfər qrafiki dəyişdirilib. Yamaykada da Uilyam və Keytin gəlişindən əvvəl böyük bir izdiham əllərindəki pankartlarla öz etiraz səslərini ucaltmışdı.
Şahzadə Uilyam ötən gün Yamaykada iştirak etdiyi şam yeməyində bu etirazlara cavab verib. Ölkənin paytaxtı Kinqstonda keçirilən şam yeməyində Uilyam və Keyt Yamayka general-qubernatoru, ölkənin baş naziri Endryu Holness, eləcə də general-qubernator Patrik Allen ilə görüşüblər.
Şahzadə Uilyam şam yeməyindəki çıxışında "Britaniyanın qul ticarətinə qarışmasına görə" üzr istəməsə də, buna görə dərin ağrısını ifadə edib.
Şahzadə çıxışında “quldarlığın iyrənc olduğunu və heç vaxt olmamalı olduğunu” deyib: "Mən atamın keçən il Barbadosda etdiyi çıxışda "köləlik cinayəti tariximizdə silinməz bir ləkədir. Buna görə təəssüfləndiyimi bildirmək istəyirəm" fikri ilə razıyam".
Şahzadə Uilyam əlavə edib ki, o, ümid edir ki, Yamayka xalqı böyük cəsarət və qətiyyətlə özlərinə yeni gələcək quracaq, baxmayaraq ki, əzabları dərindir.
Xatırladaq ki, Barbarossa 400 il Britaniyanın himayəsi altında qaldıqdan sonra ötən il, yəni 2021-ci ildə öz müstəqilliyini elan edib. Adanın paytaxtı Bridgertovnda keçirilən mərasimdə Dame Sandra Meyson ölkə prezidenti kimi and içib. Eyni mərasimdə Barbadosun ən məşhur simalarından olan Rihanna da milli mükafatla təltif olunub.
Həmin mərasimdə şahzadə Uilyamın atası şahzadə Çarlz təsirli çıxış edib. “Barbados xalqı fövqəladə dözümlülüklə keçmişin ən qaranlıq günlərindən və ölkələrinin tarixini əbədi ləkələyən köləliyin dəhşətli vəhşiliyindən yeni bir yol keçib”, deyə şahzadə Çarlz qeyd edib.
Beləliklə, kral ailəsinin Karib səfəri
etirazların kölgəsində olsa da, şahzadə Uilyamın həyat yoldaşı Keyt Midlton geyimi və görünüşü ilə gərginliyi bir az azaldıb. Son zamanlar darıxdırıcı geyindiyi üçün tənqid edilən Midleton bu dəfə səfərdəki geyimlərinə görə ən tələbkar moda tənqidçiləri və pərəstişkarları tərəfindən yüksək qiymətləndirilib.
Şam yeməyində ən diqqət çəkən şahzadə Uilyamın həyat yoldaşı Keyt Middlton olub. Sevimli modelyer Ceni Pexemin tikdiyi yaşıl gecə paltarını geyinən Middleton kraliça II Yelizavetanın kolleksiyasından seçdiyi zinətlərdən istifadə edərək görünüşünü tamamlayıb.