Hazırda Rusiyada ölüm hökmünün bərpa olunması ilə bağlı heç bir məhdudiyyət yoxdur.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RİA Novosti agentliyinə müsahibəsində Rusiyada ölüm hökmünün bərpa olunması ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, hazırda Rusiyada ölüm hökmünün bərpa olunması ilə bağlı heç bir məhdudiyyət yoxdur: "Lakin hər şey mövcud vəziyyətdən asılı olacaq - hər şey sakit olarsa, moratorium qala bilər və ya lazım gələrsə, ona yenidən baxıla bilər" .
Medvedev vurğulayıb ki, bu məsələ çox mürəkkəbdir: “Ölüm cəzasına müxtəlif cür yanaşmaq olar. Təbii ki, buna yanaşma hər zaman ziddiyyətli olub. Konstitusiya Məhkəməsinin bir sıra qərarlarının qəbul edilməsində əsas səbəb, heç şübhəsiz, ölkəmizin Avropa İnsan Hüquqları Məhkəməsinin konvensiyalarında iştirakı olub".
Təhlükəsizlik Şurası sədrinin müavini xatırladıb ki, Avropada ölüm hökmündən imtina ediblər, Rusiya da bunu edib, lakin ABŞ, Çin və bir sıra digər ölkələrdə xüsusilə ağır cinayət törədənlər üçün ölüm hökmü qüvvədədir.
Medvedev onu da qeyd edib ki, Konstitusiya Məhkəməsinin ölüm hökmü ilə bağlı qərarı dəyişə bilər.