Qeysəriyyə əməliyyatından sonra ölən anaya görə prokurorluq hərəkətə keçdi

16:50 25 Mart 2022

Zaqatala rayonunda qeysəriyyə əməliyyatından sonra ana ölümü ilə bağlı cinayət işi başlanıb.

Rayon prokurorluğu verilən məlumata görə, rayonunun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, martın 18-də R.Ramazanova uşaq dünyaya gətirmək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə müraciət edib.

Həmin gün Zaqatala RMX-nın doğum şöbəsində Rəna Ramazanovanı müayinə edən ginekoloq həkim Rəna Sultanova ona martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib.

Belə ki, əməliyyatla qız uşağı dünyaya gətirən Rəna Ramazanovanın əməliyyatdan bir gün sonra dözülməz ağrıları başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına ciddi bir hal olmadığını bildiriblər.

Qadının vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rəna Ramazanovanı reanimasiyaya yerləşdiriblər. Bundan bir neçə saat sonra ana dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia ediblər.



Xəbər xətti