Ukraynanın Odessa vilayətində Rusiya ordusunun raket hücumu nəticəsində 2 nəfərin yaralandığı, yanğın nəticəsində 100 ton noxud və 20 ton arpanın məhv edildiyi bildirilib.
Sitat.info xəbər verir ki, Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper sosial şəbəkədəki paylaşımında bildirib ki, Rusiya səhər tezdən Odessa bölgəsinə raket zərbəsi endirib.
Rusiya döyüş gəmilərindən atılan iki raketin bölgədəki taxıl anqarına dəydiyini qeyd edən Kiper deyib:
"Ruslar səhərə yaxın Qara dənizdə raket daşıyan gəmidən "Kalibr” tipli raketləri atdı. Təəssüf ki, Odessa vilayətindəki kənd təsərrüfatı müəssisələrindən birinin taxıl terminalları (anqar) vurulub. Düşmən 100 ton noxud və 20 ton arpa məhv edib. Partlayış nəticəsində 2 nəfər yaralanıb".
Rusiyanın artıq Odessa bölgəsindəki limanlardan sonra əkinçilik sahələrini hədəf almağa başladığını ifadə edən Kiper, hücumda 200 kvadrat metrdən böyük sahədə yanğının çıxdığını ifadə etdi.
Seymur Bənnayev
Sitat.info