İyulun 30-u gecə saatlarında hökumət məmurları Qərbi Azərbaycan əyalətinin Tikantəpə mahalının Orta Ağdərə kəndinə hücum edib.
Sitat.info xəbər verir ki, bu barədə insan haqları təşkilatları və yerli media fəalları məlumat yayıblar.
Məlumata görə, adıçəkilən kənd sakinləri Ağdərə qızıl mədənində işə götürülmədiklərinə, mədənin qeyri-standard istismarı nəticəsində isə otlaq və əkin sahələrinin məhv edildiyinə etiraz ediblər.
Etirazların yatırılması üçün bölgəyə göndərilən məmurlar sakinlərə atəş açıb.
Nasir Bəhramian, Höccət Mömünzadə və Armin Nikzad adlı etirazçıların ağır güllə yarası aldığı və xəstəxanaya köçürüldüyü bildirilir.
Aksiya iştirakılarından bir neçəsi həbs edilərək naməlum istiqamətə aparılıb.
Qeyd edək ki, Qərbi Azərbaycanın Tikantəpə bölgəsində yerləşən Zərşuran və Ağdərə qızıl mədənləri Yaxın Şərqin ən böyük mədənləri sayılır. Mədənlərin səhmdarları və sahibləri farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Bu günə kimi qanunsuz istismar və zəhərli tullantıların təbiətə buraxılması səbəbindən bölgənin bir neçə kəndinin əkin və otlaq sahələri məhv edilib, minlərlə mal-qara tələf olub.