Yunanıstanda son 14 ilin ən isti iyul ayı

22:08 2 Avqust 2023

Yunanıstanın bu il 2010-cu ildən bəri ən isti iyul ayını yaşadığı bildirilir.

Sitat.info xəbər verir ki, Yunanıstan Meteorologiya Xidmətinin 2010-cu ildən bəri apardığı müşahidələri qiymətləndirən hesabatına görə, bu ilin iyul ayında orta temperatur 2010-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.

Son 14 ilin ən isti iyul ayının bu il yaşandığı ölkədə 31 günün 23-ü mövsümi normaların üstündə olub.

İyul ayında Kritdə havanın temperaturu mövsümi normalardan 2,8 dərəcə yüksək olduğu halda, bu rəqəm ümumilikdə ölkə üzrə orta hesabla 1,9 dərəcə olub.

Qeyd edək ki, keçən ay rekord temperatur və aşağı rütubətin müşahidə edildiyi Yunanıstanda çoxsaylı meşə yanğınları baş verib.

İyulun 15-31-də ölkədə baş verən 7 böyük meşə yanğınında 470 min hektar meşə sahəsi kül olub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti