Fərid Səfərlinin cinayət işini hüquqi deyil, siyasi proses olaraq dəyərləndirirəm və qınayıram.
Sitat.info xəbər verir ki, bu sözləri Axar.az-a tanınmış güneyli vəkil, Azərbaycan İnsan Haqları Təşkilatının sədri Nağı Mahmudi Fəridə qarşı irəli sürülmüş yeni ittihamı şərh edərkən deyib.
Onun sözlərinə görə, yeni ittiham əvvəlkinə nisbətən daha yüngül hesab olunur:
“Fərid Səfərlinin ittihamının dəyişdirilməsi onun xeyrinədir. Əvvəlki casusluq ittihamına görə azərbaycanlı gəncin cəzası 2 ildən 10 ilə qədər ola bilərdi. Casusluq niyyəti ittihamı sübut olunarsa, ona 1 ildən 5 ilədək cəza tətbiq olunma ehtimalı var”.
Tanınmış hüquqşünas Fərid Səfərlinin hələ də vəkillə təmin olunmamasına da münasibət bildirib:
“Vəkil məsələsi qəlizdir. Hazırda Tehranın Evin həbsxanasında saxlanılan tələbənin vəkillə təmin olunmamasının səbəbləri aydındır. Bəzi vəkillər qorxub çəkinir deyə bu məsələ belə qalıb”.
Qeyd edək ki, F.Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da Fəridlə bağlı bu ölkəyə nota verib.