"Beynəlxalq aləmdə böyük dövlətlər arasında münaqişələrə vahid baxış yoxdur" .
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bəzilərində ərazi bütövüyü dəstəklənir, bəzilərində isə separatçılara dəstək var: "Bizim halımızda bütün dövlətlər sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyir. Ancaq əməldə görürük ki, separatçılara dəstək verən Ermənistan və separatçıların özü açıq şəkildə dəstəklənir. Amma Gürcüstan, Moldova və Ukrayna separatçılarına qarşı müxtəlif bəyanatlar qəbul olunur".
E. Şahinoğlu hesab edir ki, bu hər zaman dediyimiz ikili standartların bariz nümunəsidir: "Bizdən də çox şey asılıdır. Biz də gərək izah edək ki, separatçılığın fərqi yoxdur. Separatçı hər yerdə separatçıdır. Bu hər yerdə pislənməli və hər yerdə ərazi bütövlüyü dəstəklənməlidir. Biz artıq öz hədəflərimizin böyük hissəsinə çatmışıq. İndi Qarabağın tamamına da nəzarət etmək uğrunda mübarizəmiz davam edir.
Separatçıların lideri Araik Arutunyan da son müsahibəsində Rusiya və Qərbdən narazılığını ifadə edir. Yəni separatçılara açıq və gizli dəstək olsa da, Azərbaycanın ərazi bütövlüyünu təmin etməsinə heç bir xarici amil mane olmur".
Nərgiz,
Sitat.info