İsrailin Suriyanın paytaxtı Dəməşq ətrafındakı bəzi hərbi nöqtələrə hava hücumu təşkil etdiyi iddia edilib.
Sitat.info xəbər verir ki, Suriya xəbər agentliyi SANA-nın hərbi mənbələrə istinadən verdiyi xəbərdə, İsrail qüvvələrinin yerli vaxtla saat 02:20-də Dəməşq ətrafındakı bəzi hərbi məntəqələrin Colan təpələrindən hava hücumu ilə hədəf alındığı iddia edilib.
Xəbərdə deyilir: "Havadan müdafiə sistemlərimiz düşmən raketlərinə qarşı duraraq bəzilərini vurub. 4 əsgər şəhid olub, 4 əsgər yaralanıb".
Məlumdur ki, Dəməşqin ətrafında Livan Hizbullahının ünsürləri ilə yanaşı, Suriya ordusu və İranın dəstəklədiyi terrorçu qruplaşmalar da var.
İsrail vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri Suriyada zaman-zaman İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə hücumlar təşkil edir.
Seymur Bənnayev
Sitat.info