“Azəriqaz” dan Xankəndiyə qazın verilməsi ilə bağlı AÇIQLAMA

14:24 28 Mart 2022

“Xankəndiyə qazın verilməsi ilə bağlı məsələ növbəti mərhələdə bilinəcək”.

Bunu Musavat.com-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev son günlər insanların daha çox verdiyi suala cavab verərkən deyib: ““Azəriqaz” hazırda yaranmış fors major vəziyyətin nəticələrinin aradan qaldırılması ilə məşğuldur. 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfi işğal altında saxladığı ərazilərdə infrastrukturdan geniş şəkildə eninə-boluna istifadə ediblər. Amma bu illər ərzində heç bir texniki xidmət göstərməyiblər. Hər kəsə bəllidir ki, o yerlərin relyefi çətindir. Eyni zamanda, orada yağan qar kütləsinin miqdarı digər regionlardan 3-4 dəfə artıq olur.

Buna görə də qar uçqunları, korroziyaya uğramış boru xətlərinin sıradan çıxması, sızıntının olması böyük bir hadisəyə səbəb olmuşdu. SOCAR “Azəriqaz” İstehsalat Birliyinin əraziyə ezam olunmuş əməkdaşları neçə gündür ki, orada ciddi rejimdə çalışırlar. Baxmayaraq ki, təhlükəlidir, bununla belə yaranmış fors major vəziyyətin aradan qaldırılması vəzifə olaraq -“Azəriqaz” İstehsalat Birliyinin qarşısında durur. Ona görə də əməkdaşlarımız bunu həyata keçirdilər. Böyük ehtimalla bu gün orada işlər tamamlanıb, test keçiriləcək. Testin nəticəsindən asılı olaraq da qazın verilməsi məsələsi müzakirə olunacaq. Yenə də deyirəm, SOCAR “Azəriqaz” İstehsalat Birliyi yaranan fors major vəziyyətin nəticələrini aradan qaldırır. Əvvəlcədən planlaşdırılmış bir iş deyildi axı. Verilən suallar da növbəti mərhələnin suallarıdır. Hələ ki, sizin verdiyiniz suallar açıq qalır. Bu sualların müzakirəsi hələ olacaq. Hadisə baş verdi, ermənilər beynəlxalq ictimaiyyətin diqqətini yönəltmək istədilər ki, Azərbaycan nə özü edir, nə də bizə imkan verir. Azərbaycan tərəfi də həmin ərazidə yaranan vəziyyəti aradan qaldırdı, iş yekunlaşıb”.  

Azəriqaz"ın "Azəristiliyə" borcla bağlı verdiyi vaxt bu gün bitdi-İstilik  olacaqmı?

“Nəzərə alsaq ki, həmin ərazilərə qazın verilişi Ermənistan tərəfdən həyata keçirilir, bəs Azərbaycandan oraya boru xətləri çəkiləcəkmi”, sualına “Azəriqaz” rəsmisi belə cavab verib: “Ümumiyyətlə, hazırda Azərbaycan tərəfi, yəni “Azəriqaz” işğaldan azad olunmuş ərazilərin infrastrukturunun qurulması ilə məşğuldur.  Bura su təchizatının təmin olunması və elektrik enerjisi təchizatının təmin olunması ilə yanaşı, qaz təchizatı ilə təminatı da nəzərdə tutulur. Müəyyən yerlərdə pilot şəhərlər üzrə ərazilər ki var, oraya təbii qazın verilişi olacaq-olmayacaq onu deyə bilmərəm. Amma ümumilikdə Qarabağın qazlaşdırılması gündəmdədir. Amma hələlik ilk olaraq Şuşa və Ağdam ərazisində qaz paylayıcı xətlərin çəkilməsi nəzərdə tutulur. Bununla bağlı hələlik qərar verilməyib. O ki qaldı, opponentlərlə müqavilələrin bağlanması, qazdan istifadəyə görə erməni əhalisindən pul yığılması məsələsinə, bunlar açıq qalan suallardır. Buna cavab versəm, yanlışlıq edə bilərəm. Bunlar hamısı növbəti mərhələdə bilinəcək”.



Xəbər xətti