"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi - “Buta Airways” bu ilin iyun ayından yay cədvəli çərçivəsində Bakı-Batumi marşrutu üzrə və əks istiqamətdə uçuşlar yerinə yetirməyə başlayacaq.
Bu barədə Musavat.com-a aviaşirkətdən bildirilib.
Bakı-Batumi-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə - cümə və bazar günləri uçuşlar həyata keçirəcək. Batumi şəhərinə uçuş aviaşirkətin Tbilisidən sonra Gürcüstana 2-ci bərpa olunmuş beynəlxalq istiqamətidir. Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək olar.
Biletlərin dəyəri 29 avrodan başlayır. Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Gürcüstana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə Gürcüstan ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.butaairways.az/az/covid/georgia.
Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.butaairways.az/az/covid/clinics.
Gürcüstandan Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.