Rusiya ordusu ilə bağlı SON İDDİA - Putin taktika dəyişdirdi... (FOTOLAR)

18:32 28 Mart 2022

Rusiya-Ukrayna müharibəsi 33-cü gününə qədəm qoyub. Münaqişələrin davam etdiyi bölgədən acı xəbərlər gəlməkdə davam edir.

SİTAT.İNFO Avropa.info-a istinadən xəbər verir ki, Rusiyanın indiyə qədər istədiyi irəliləyişə nail ola bilməməsi isə dünya mətbuatında geniş şəkildə işıqlandırılır.

Rusiya ordusunun hələ də Ukraynanın paytaxtı Kiyevə nəzarəti ələ keçirə bilməməsi bunun ən böyük göstəricisi hesab olunur.

Son olaraq paytaxt Kiyev ətrafında münaqişələrlə bağlı məlumat verən Ukrayna Baş Qərargahının rəsmisi Rusiya ordusunun iki batalyonunun çox ciddi itkilər verdiyini və Belarusa geri çəkildiyini iddia edib.

Rusiyadan Ukraynaya doğru hərəkət edən hərbçilərin sayında da ciddi azalma olduğu bildirilib.

Keçən həftə yayımlanan peyk görüntüləri Rusiyanın Kiyev ətrafında hazırlığını ortaya qoymuşdu. Kadrlarda rus qoşunlarının şəhərin ətrafında səngərlər qazdığı görünürdü. İngiltərənin "Daily Mail" qəzetinin yazdığına görə, bu, Rusiya ordusunun taktika dəyişərək müdafiə mövqeyi tutması deməkdir.

Sözügedən peyk görüntülərində rus əsgərlərinin Kiyev ətrafında müdafiə xətləri quraraq ərazini minaladığı görünür.

İngiltərə Müdafiə Nazirliyi isə Rusiyanın Qara dənizdə Ukraynanı mühasirəyə alaraq bir növ blokada tətbiq etdiyini və ölkənin beynəlxalq dəniz ticarətini əngəllədiyini açıqlayıb.

 



Xəbər xətti