Çinin müdafiə naziri Li Şanqfunun Rusiyada keçiriləcək 11-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcəyi və Belarusda prezident Aleksandr Lukaşenko ilə görüşəcəyi gözlənilir.
Sitat.info xəbər verir ki, Çin Müdafiə Nazirliyinin bəyanatına görə, nazir Li avqustun 15-də Rusiyada keçiriləcək 11-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edəcək.
Li Moskvaya səfəri zamanı Rusiya-Ukrayna müharibəsi səbəbindən Qərblə yaşanan gərginliklə bağlı Rusiyanın müdafiə rəsmiləri ilə danışıqlar aparacaq.
Çin nazirinin Belarusda prezident Aleksandr Lukaşenko və müdafiə rəsmiləri ilə də görüşü gözlənilir.
Mart ayında vəzifəsinin icrasına başlayan Li apreldə də Moskvaya səfər edib və prezident Vladimir Putinlə görüşüb.
Li iyul ayında Çinə səfər edən Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Nikolay Yevmenov ilə də görüşmüşdü. Çinin ABŞ-la geostrateji rəqabətinin və regional gərginliyin artdığı bir vaxtda Moskvaya yaxınlaşdırdığı müşahidə edilir. ABŞ və Avropa Çinə, müharibədə Rusiyaya silah dəstəyi verməməsi barədə xəbərdarlıq etsə də və Pekin birbaşa silah satmasa da, Moskva ilə müdafiə əməkdaşlığını, o cümlədən birgə hərbi patrul təlimlərini davam etdirir.
Nərgiz,
Sitat.info