Avqustun 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının ölkədəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.
Sitat.info xəbər verir ki, C.Bayramov səfir Haməd bin Abdullah bin Səud bin Xudeyrə fəaliyyəti dövründə Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafına verdiyi töhfəyə, peşəkar fəaliyyətə görə dərin minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı siyasi, iqtisadi, enerji, humanitar, turizm sahələri üzrə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğu qeyd olunaraq, iqtisadi-ticarət sahəsində əməkdaşlığın inkişafında əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu vurğulanıb. Həm 30 ilə yaxın işğal dövründə, həm də post-münaqişə dövründə Səudiyyə Ərəbistanının ölkəmizə dəstəyi yüksək qiymətləndirilib.
Yüksək səviyyəli qarşılıqlı rəsmi səfərləri xatırlayan nazir, Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə keçirilmiş görüşə, habelə beynəlxalq tədbirlər çərçivəsində həmkarı ilə olan təmaslarına məmnunluqla istinad edib.
Haməd bin Abdullah bin Səud bin Xudeyr iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən işlərdən bəhs edib. Səfir Azərbaycandakı fəaliyyəti dövründə ona göstərilmiş dostluq və əməkdaşlıq münasibətlərinə görə öz minnətdarlığını bildirib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.