Donuzdan alınan böyrək insan bədənində 1 ay işlədi...

20:05 17 Avqust 2023

ABŞ alimləri beyni ölmüş bir insana geni dəyişdirilmiş donuz böyrəyini köçürüblər və böyrək 32 gün ərzində "yaxşı" işləyib. 

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkda yerləşən "NYU Langone Health Akademik" Tibb Mərkəzi bu barədə açıqlama yayıb.

Qeyd edilib ki, cərrahlar 32 gün sonra yaxşı işləməyə davam edən, genetik cəhətdən dəyişdirilmiş donuz böyrəyini ventilyator dəstəyi ilə döyünən ürəyi olan, nevroloji meyarlara görə öldüyü elan edilmiş bir insana köçürüb. Bu, genetik cəhətdən dəyişdirilmiş donuz böyrəyinin insanda fəaliyyət göstərdiyi ən uzun müddətdir.  Alimlər donuz böyrəyinin transplantasiyadan dərhal sonra sidik çıxarmağa başladığının vurğuladılar.

Orqan transplantasiyası və davamlı orqan tədarükü sahəsində mühüm addım atdıqlarını bildirən elm adamları, donuz böyrəyinin 14 iyulda bədəni donor olan və beyni ölən xəstəyə köçürüldüyünü bildiriblər. Artıq 32 gündür ki, böyrəyin yaxşı fəaliyyət göstərdiyi və elmi araşdırmaların sentyabrın ortalarına qədər davam edəcəyi vurğulanıb.
Əməliyyatı həyata keçirən və daha əvvəl ilk geni dəyişdirilmiş donuz böyrəyini köçürən Cərrahiyyə şöbəsinin müdiri bu sözləri deyib: "Bu tədqiqat göstərir ki, yalnız bir genetik modifikasiya ilə, eksperimental dərmanlar və ya cihazlar olmadan, donuz böyrəyi  ən azı 32 gün insan böyrəyi kimi fəaliyyət göstərə bilər"

Elm adamları, donuz orqanlarının insanlar tərəfindən antikor vasitəçiliyi ilə sürətlə rədd edilməsinə səbəb olan "Alpha-gal" kimi tanınan biomolekulu kodlayan genin "deaktivasiyası" ilə orqanların dərhal rədd edilməsinin qarşısı alındığını vurğuladılar.

 



Xəbər xətti